Noyabrın 3-də Bakıdakı Xətai Sənət Mərkəzində rəssam və heykəltaraş Natiq Camal Avşarın Zəfər Gününə (8 Noyabr) həsr olunan “Atalardan oğullara hərb sənəti” adlı sərgisi açılıb.

Sərgidə nümayiş olunan 30-dan çox əsər Azərbaycan xalqının qədim dövrlərdən müasir günümüzədək hərb tarixinə bədii baxış təqdim edir. Ekspozisiyada tarixi qəhrəmanların və sərkərdələrin obrazları, Birinci Qarabağ müharibəsinin döyüş səhnələri, eləcə də müasir hərb tariximizdə şücaəti ilə seçilən şəhidlərin, qazilərin və milli qəhrəmanların portretləri yer alıb.

Müəllif bildirib ki, sərgi tamaşaçını xalqımızın keçdiyi döyüş yolu ilə tanış etməklə yanaşı, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini də ön plana çəkir.

Natiq Camal Avşar 1993-cü ildən 2019-cu ilədək Azərbaycan Hərb Tarixi Muzeyində  rəssamlıq studiyasına rəhbərlik edib. Onun sözlərinə görə, həmin dövrdə muzey üçün 470 eksponat hazırlayaraq təqdim edib. Bu əsərlər və maketlər Azərbaycan hərb tarixinin müxtəlif mərhələlərinin, tarixi şəxsiyyətlərin və mühüm hadisələrin əyani şəkildə təqdim olunmasına xidmət edib. Rəssamın muzey üçün hazırladığı işlər sırasında qalaların maketləri, tarixi şəxsiyyətlərin heykəlləri və büstləri də var. Onun yaradıcılığında Şah İsmayıl Xətai, Atropat, Cavad xan, Cəmşid Naxçıvanski kimi tarixi şəxsiyyətlərin obrazları xüsusi yer tutur.

Rəssamın əsərləri Türkiyə, Rusiya, Portuqaliya, İspaniya, Böyük Britaniya və s. ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.