Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası (AMK), Kəlbəcər Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə bu ilin may ayında başlanan I Kəlbəcər Aşıq Festivalı başa çatır.
3–6 noyabr tarixlərində festivalın yekun tədbirləri keçirilir.
Festival çərçivəsində Mədəniyyət Nazirliyi və AMK-nın birgə layihəsi əsasında aşıq müsabiqəsi də təşkil olunub.
Noyabrın 3-də AMK-da festivala həsr olunmuş mətbuat konfransı keçirilib. Konservatoriyanın rektoru professor Kamilə Dadaşzadə qeyd edib ki, festivalın əsas məqsədi qədim aşıq sənəti ənənələrini yaşatmaq və inkişaf etdirmək, bu sənəti geniş auditoriyaya, o cümlədən beynəlxalq miqyasda tanıtmaq, gənc aşıqların yaradıcılığına dəstək verməkdir.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib ki, festivalın mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Aşıq festivalı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətlərindən biri olan milli kimliyimizin ayrılmaz tərkib hissəsi və zəngin mədəni irsimizin nümunəsi sayılan aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi, eləcə də inkişafının təşviqi məqsədi daşıyır.
***
I Kəlbəcər Aşıq Festivalının yekun tədbirləri çərçivəsində noyabrın 3-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təqdim olunub.
Mədəniyyət Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə keçirilən konsertdə Gəncə şəhərində fəaliyyət göstərən Fikrət Əmirov adına 1 nömrəli, Bülbül adına 3 nömrəli, Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəblərinin və uşaq incəsənət məktəbinin müəllim və şagirdləri çıxış ediblər.
İfalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.























