Qazaxıstan 2030-cu ilə qədər informasiya texnologiyaları (İT) xidmətləri ixracını dörd dəfədən çox artıraraq 5 milyard dollara çatdırmağı hədəfləyir. Rəqəmsal iqtisadiyyat ambisiyaları ölkə Prezidenti Kasım-Jomart Tokayevin gündəmində olan əsas məsələlərdən biridir.
Qazaxıstanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, bu mövzuya Britaniyanın beynəlxalq maliyyə və analitik nəşri "Global Banking & Finance Review" icmal materialında xüsusi yer ayırıb.
Qeyd olunur ki, Qazaxıstanın İT xidmətləri ixracını 2025-ci il1,142 milyard dollara çatıb ki, bu da 2020-ci illə müqayisədə təxminən 34 dəfə artım deməkdir. Beş il ərzində rəqəmsal xidmətlər kiçik bir sahədən ölkənin xarici ticarətinin mühüm tərkib hissəsinə çevrilib.
Prezident Tokayev Müstəqillik Günü (25 oktyabr) münasibətilə Qazaxıstan xalqına müraciətində rəqəmsal iqtisadiyyatı və süni intellektin praktiki tətbiqini yeni iqtisadi modelin formalaşdırılmasında əsas hərəkətverici qüvvələr kimi müəyyən edib. İxrac hədəflərinə nail olmaq üçün bu texnologiyaların yalnız İT şirkətlərində deyil, həmçinin sənaye, energetika, logistika, kənd təsərrüfatı və dövlət xidmətləri kimi sahələrdə də tətbiq edilməsi zəruridir.
2025-ci ildə Qazaxıstanın İT xidmətlərindən əldə etdiyi ixrac gəlirləri, həmin xidmətlərin idxalına çəkilən xərcləri 2,6 dəfədən çox üstələyib. Bu, sözügedən sektorun rəqəmsal xidmətlər sahəsində müsbət ticarət balansı yaratdığını göstərir.
Bununla yanaşı, 5 milyard dollarlıq hədəf yalnız o halda real göstəriciyə çevrilə bilər ki, daha çox Qazaxıstan şirkəti öz məhsullarını hazırlasın və xarici bazarlarda davamlı gəlir əldə etsin.
“Global Banking & Finance Review” icmal materialında Mərkəzi Asiya və Qafqazı Avropa şəbəkələri ilə birləşdirən rəqəmsal dəhlizdə yeni bir həlqə rolunu oynaya biləcək Transxəzər fiber-optik xəttinin inkişafına da diqqət çəkilir.
Xatırladaq ki, bu layihədə Azərbaycan da iştirak edir. Bu il oktyabrın 15-də Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci sammiti zamanı görüşərək Transxəzər fiber-optik xəttinin onlayn formatda rəsmi açılışını ediblər.
“Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq.
Bu marşrutun inkişafı Qazaxıstandan keçən tranzit trafik həcmini iki dəfədən çox artıraraq 21,6 Tbps səviyyəsinə çatdırmaq potensialına malikdir. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq.






















