Noyabrın 3-də Türkiyənin İstanbul şəhərində 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalı başlanıb.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında, Beynəlxalq Kino Assosiasiyasının (Uluslararası Sinema Derneği; Türkiyə, İstanbul) təşkilatçılığı ilə keçirilən “Korkut Ata” ("Dədə Qorqud") festivalı kino həvəskarları ilə yenidən görüşmək üçün beş il sonra yarandığı şəhərə – İstanbula qayıdıb.
2021-ci ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təsis olunan festivalın məqsədi türkdillu ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), TRT və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) də dəstəklədiyi festival bu dəfə 150-dən çox beynəlxalq qonağı, Türkiyədən 300-ə yaxın kino mütəxəssisini və akademik dairələrin nümayəndələrini bir araya gətirib (mənbə: AA).
***
Açılış mərasimində çıxış edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı bildirib ki, Türk dünyası minilliklərə söykənən ortaq tarix, köklü mədəniyyət və güclü qardaşlıq bağları ilə yoğrulmuş böyük bir sivilizasiya ailəsidir. "Coğrafiyalarımız fərqli olsa da, tariximiz, mədəni dəyərlərimiz və kollektiv yaddaşımız bizi bir-birinə bağlayır", – deyə o qeyd edib. "Bu ortaq irsin ən mühüm elementlərindən biri şifahi hekayəçilik ənənəmizdir. Dədə Qorqud hekayələrindən "Manas" dastanına, Koroğludan Alpamışa qədər uzanan bu zəngin miras qəhrəmanlıq, ədalət, ailə, həmrəylik və insan sevgisi kimi dəyərləri bir nəsildən digərinə ötürüb."
"Qorqud Ata" adının bu geniş, ortaq mirasın simvolu olduğunu vurğulayan Yazgı deyib: "Bu gün keçirdiyimiz festival həmin mirası kino dili vasitəsilə yenidən şərh etməyi, onu yaşatmağı və gələcək nəsillərə çatdırmağı hədəfləyir. 2021-ci ildə İstanbulda başlanan "Qorqud Ata" Film Festivalı altıncı ilində daha geniş iştirakla yenidən bu şəhərə qayıdır. İstanbuldan Bursaya, oradan Azərbaycan, Türkmənistan və Qazaxıstana qədər uzanan festival yolçuluğumuz Türk dünyasının müxtəlif bölgələri arasında mədəni mübadiləni gücləndirməyə davam edir. Bu il 10 ölkədən, həmçinin 10 muxtar respublika və icmadan ümumilikdə 56 film tamaşaçılara təqdim olunacaq...".
***
“Əsrlər əvvəl Qorqud Atanın şifahi söz vasitəsilə yaşatdığı dəyərlər bu gün kino dili ilə yeni nəsillərə çatdırılır. Kino sadəcə bir sənət növü deyil; o, kollektiv yaddaşımızı qoruyan, bir-birimizi tanımağa imkan verən və ortaq gələcəyimizi formalaşdıran güclü bir mədəni körpüdür", – bu sözləri isə mərasimdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib.
Festivalın ildən-ilə daha da güclənərək beynəlxalq kino ictimaiyyətində əhəmiyyətli bir məkana çevrildiyini vurğulayan Raev qeyd edib ki, məqsədimiz artıq yalnız filmlərimizi bir-birimizə nümayiş etdirmək deyil; həm də birgə istehsal layihələri həyata keçirmək, gənc kinematoqrafçılarımızı bir araya gətirmək və hekayələrimizin dünya kinosunda daha çox tanınmasını təmin etməkdir. Bu ilki festivalda süni intellekt kimi yeni texnologiyalarla bağlı müzakirələrin yer alması da gələcəyə yönəlmiş bu səylərin bir hissəsidir.
***
Açılış mərasimində daha sonra festivalın və “Uluslararası Sinema Derneği”nin başqanı Nazif Tunç, festivalin direktorü İhsan Kabil və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş müdiri Birol Güven çıxış ediblər.
Festivalın proqramı açıqlanıb və münsiflər heyətinin üzvləri təqdim olunub. Festivalın proqramına “Türk Dünyası Kino Sammiti” (“Türk Dünyası Sinema Zirvesi”) də daxildir.
Mərasimdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Musiqi və Rəqs Ansamblının ifasında konsert proqramı da təqdim edilib.
Sonda qırğız rejissor Kanıbek Kalmatovun “Aytmatov” filmi nümayiş olunub.
***
Noyabrın 7-dək davam edəcək festivalın müsabiqə proqramında Azərbaycandan tammetrajlı bədii film kateqoriyasında “Tağıyev: Məktəb”, sənədli film kateqoriyasında “Azıx mağarası ”, qısametrajlı bədii film kateqoriyasında isə “Torpağı sanı yaşayasan” filmləri iştirak edir.
Bundan əlavə, festival çərçivəsində “Bir cənub şəhərində” tammetrajlı bədii (1969, rejissor Eldar Quliyev) və “Bakı Türkoloji Qurultayı 100” sənədli (2026) filmləri müsabiqədənkənar proqramda nümayiş olunacaq.
Azərbaycan festivalda kino xadimlərindən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nümayəndələrindən ibarət 20 nəfərlik heyətlə təmsil olunur.
***
Xatırladaq ki, “Korkut Ata” Türk Dünyası Film Festivalı 2021-ci ildə İstanbulda, 2022-ci ildə Bursada (Türkiyə), 2023-cü ildə Bakıda, 2024-də Aşqabadda (Türkmənistan), 2025-ci ildə isə Aktauda (Qazaxıstan) keçirilib.























