Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Ulduz” jurnalının oktyabr nömrəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub.

Jurnalın redaksiyasının AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Təhsil Nəşriyyat Poliqrafiya” MMC ilə ərsəyə gətirdiyi xüsusi nömrə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır.

Buraxılışda Xaqani Şirvani haqqında müxtəlif dövrlərdə qələmə alınmış yazılar toplanıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Xaqani Şirvani”, filologiya elmləri doktoru, professor Qafar Kəndli Herisçinin “Xaqani Şirvaninin həyatı”, filologiya elmləri namizədi Məmmədağa Sultanovun “Xaqani Şirvani və Yaxın Şərq ədəbiyyatı”, AMEA-nın müxbir üzvləri Azadə Rüstəmin “Xaqani “Mən”i öz sənətində”, Mahmud İsmayılovun “Həbsdə”, Nüşabə Araslının “Nəvainin fəlsəfəsi qəsidələrində Xaqani təsiri”, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Ərəb şairi Buhturinin “Şiniyyə” qəsidəsi ilə Xaqani Şirvaninin “Mədain xərabələri”nin müqayisəli öyrənilməsi” yazıları nəşrdə yer alıb.

Həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əlizadənin “Xaqani Şirvani lirikasının bədii siqləti”, filologiya elmləri doktoru, dosent Könül Hacıyevanın “Xaqani qəsidələrinin tərcüməsi zamanı yol verilən təhriflər haqqında”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalovanın “Xaqani Şirvaninin əsərlərində ərəb-islam mədəniyyətinə dair cəhətlər”, AYB Gənclər şurasının sədri, şair Fərid Hüseynin “Ağla ki, ağlayasan...”, Dilarə Adilgilin “Xaqani Şirvani yaradıcılığı müasirlik kontekstində” yazıları xüsusi buraxılışda dərc olunub.