Noyabrın 3-də Azərbaycan Milli Konservatoriyasında “Müasir dövrdə aşıq sənətinin tədrisi məsələləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə əvvəlcə AMK-nın rektoru professor Kamilə Dadaşzadəəvvəl bu ilin mayında ilk dəfə keçirilən Kəlbəcər Aşıq Festivalının yekunlarından bəhs edib. Rektor festivalın əsas məqsədinin qədim aşıq sənətinin ənənələrini yaşatmaq və inkişaf etdirmək, bu sənəti geniş auditoriyaya, o cümlədən beynəlxalq miqyasda tanıtmaq, gənc sənətkarların yaradıcılığına dəstək vermək olduğunu vurğulayıb.

“Festivalın məqsədləri “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas müddəalarına uyğundur. Konsepsiyanın başlıca istiqamətlərindən biri milli kimliyimizin parlaq təzahürü olan sənət nümunələrini qoruyub saxlamaq və inkişaf etdirməkdir”, – deyə K.Dadaşzadə əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov aşıq sənətinin festival formatında təqdim edilməsinin onun təbliği və yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

“Aşıq sənətinə uzun illərdir dəstək göstərilir. Lakin bu sənətin festival formatında təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bu arzu və təşəbbüs artıq reallaşıb. Festivalın bundan sonra mütəmadi keçirilməsi və Kəlbəcər adını daşıması nəzərdə tutulur. Aşıq Şəmşirin ocağının Kəlbəcərdə yerləşməsi bu məkanın festival üçün seçilməsində mühüm rol oynayır. İnanırıq ki, festival Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də ölkəmizdən kənarda yaşayan aşıqları bir araya gətirəcək”, – deyə C.Səlimxanov qeyd edib.

O, Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, bu irsi qorumaq yalnız onun adını siyahıda görməklə və ya bu barədə danışmaqla mümkün deyil. Sənət gündəlik fəaliyyətlə yaşadılmalı, xüsusilə də gənc nəslə ötürülməlidir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı aşıq sənətinin inkişafı üçün gənc ifaçıların dəstəklənməsinin və dastan ənənəsinin yaşadılmasının vacibliyindən danışıb.

O, dastan ənənəsinin aşıq sənətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Muğam sənəti olmasa, xanəndəlik də öz mahiyyətini itirər. Aşıq sənəti dastanla bağlı olmadıqda isə saz ifaçılığı ilə məhdudlaşır. Buna görə də dastanları qeydə almaq və aşıq sənətinin yeni nümunələrini gələcək nəsillərə çatdırmaq vacibdir”.

Musiqişünas, professor, "Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədov, musiqişünas, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.