Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) daha bir iştirakçısı İsraildən gələn Qeşer Teatrı (Gesher Theatre) olub.
Qonaq truppa 1-2 noyabr tarixlərində “Qanlı Meri” (“Bloody Mary”) tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirib.
Rejissor Dmitri Krımovun quruluş verdiyi “Qanlı Meri” tamaşası F.Şillerin məşhur dramının ("Maria Stüart") səhnələşdirilmiş variantı və ya illüstrasiyası deyil. Bu, qanlı tarixi hadisələrin xronikasından, həmin hadisələrlə bağlı şüurlu və şüuraltı xatirələrdən, eləcə də günümüzün reallıqlarından yaradılmış tamamilə yeni teatr dünyasıdır. Mariya Stüartın hekayəsi müasirlik haqqında dərin söhbət üçün başlanğıc nöqtəsinə çevrilir.
Süjetə görə, təcili tibbi yardım şöbəsində müxtəlif dünyalardan və dövrlərdən olan insanlar, o cümlədən Mariya Stüart rolunu ifa etməyə hazırlaşan iki aktrisa qarşılaşır.
Tamaşanın uydurma personajları – sirk obrazlarını xatırladan, tədricən simvollara çevrilən varlıqlar – gözlərimiz önündə sanki canlanırlar...
“Qanlı Meri”də aktyorlar İsrael (Saşa) Demidov, Yevgeniya Dodina, Polina Paxomova, Nikita Qoldman, Nikita Oleynikov, Rut Senderoviç, İtay Tarxanov və Boris Repetur çıxış ediblər.
Qeyd edək ki, oktyabrın 28-də başlanan "BİAF 2026" festivalı noyabrın 8-də başa çatacaq.

























