Noyabrın 3-də Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə Xalq şairinin Bakıdakı ev-muzeyində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun iştirakı ilə “Görünən və görünməyən Səməd Vurğun” adlı görüş keçirilib.
Görüşdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri, ədəbiyyatsevərlər iştirak ediblər.
Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilov qonaqları salamlayaraq belə görüşlərin Səməd Vurğunun zəngin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun Vurğunşünaslığın tekstoloji istiqamətinin əsasını qoyan alimlərdən biri, şairin yaradıcılığı ilə bağlı kitabların tərtibçisi və redaktoru olduğunu diqqətə çatdırıb.
Aslan Salmansoy Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı barədə danışıb. O, apardığı tədqiqatlar zamanı şairin indiyədək naməlum olan 20-yə yaxın şeirinin üzə çıxarılaraq elmi ictimaiyyətə və oxuculara təqdim edildiyini, onlarla şeirinin əsas mətninin və yazılma tarixinin dəqiqləşdirildiyini deyib.
Bildirilib ki, bu tədqiqatlara əsasən Səməd Vurğunun ədəbi irsinin bərpası, əlyazmalarının tekstoloji araşdırılması, eləcə də şairin ideoloji baxışlarının obyektiv şəkildə işıqlandırılması istiqamətində iş aparılır.
Görüş zamanı Səməd Vurğunun şəxsiyyəti, həyat və yaradıcılığının az məlum olan, maraqlı məqamları və şairin Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında söhbət aparılıb. Şairin az tanınan əsərləri əlyazmaları ilə birgə iştirakçılara nümayiş etdirilib.
Aslan Salmansoy tələbələri maraqlandıran sualları da cavablandırıb.
Sonda maraqlı sualları ilə fərqlənən tələbələr mükafatlandırılıb.
Görüşün əsas məqsədi Səməd Vurğunun zəngin ədəbi irsini təbliğ etmək və gənc nəsildə şairin yaradıcılığına marağı artırmaq olub.
























