Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Quba-Xaçmaz bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi oktyabrın 30-da Quba şəhər Uşaq incəsənət məktəbində tar və qarmon ixtisaslarına dair ustad dərsləri ilə yekunlaşıb.
Tədbirin əvvəlində MEMİM-in sektor müdiri Nicat Həsənzadə və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) aparıcı məsləhətçisi Fərid Musayev ustad dərslərinin musiqi təhsilindəki rolundan danışıblar.
Qeyd olunub ki, ustad dərsləri musiqi ifaçılığı ənənələrinin qorunub yaşadılması, bu sahədə yeni yanaşmaların tətbiqi, eləcə də təcrübəli pedaqoqların bilik və bacarıqlarını gənc ifaçılarla bölüşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
N.Həsənzadə MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını məktəbə hədiyyə edib.
Tar ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının (AMK) Xalq çalğı alətləri kafedrasının müdiri professor Ramiz Əzizov, qarmon ixtisası ilə bağlı ustad dərsi Bakı şəhər Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbinin və AMK-nın müəllimi, “Üzeyir Hacıbəyli mükafatı” laureatı Vüsal Qəhrəmanov tərəfindən aparılıb.
R.Əzizov və V.Qəhrəmanov tar və qarmon alətlərində ifa texnikasının xüsusiyyətləri barədə ətraflı məlumat verib, müəllim və şagirdlərlə öz təcrübələrini bölüşərək onlara müvafiq tövsiyələr veriblər.
Ustad dərsləri zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, bəzi məqamlar alətlərin ifası üzərindən əyani icra olunub.
Xatırladaq ki, MEMİM-in “Mədəniyyət rüzgarı” layihəsinin budəfəki tədbirləri Quba-Xaçmaz RMİ-nin dəstəyi ilə Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında həyata keçirilib.



























