27-29 oktyabr tarixlərində keçirilən VII Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər dialoqu: diqqət mərkəzində təsir” adlı sessiya keçirilib.
Sessiyanın açılışında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış ediblər.
Sessiyada “Yerli fəaliyyət”, “Qlobal fəaliyyət”, “Sərhədlərarası əməkdaşlıq” və “Sülhün alqoritmi” mövzularında panellər təşkil olunub.
Müxtəlif ölkələrdən olan gənc liderlər sülh quruculuğu, süni intellekt və rəqəmsal texnologiyalar, yerli təşəbbüslər və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir və təcrübələrini bölüşüblər.
“Yerli fəaliyyət” panelində NAYORA-nın sədri Rafael Hacıbəyli və Regional İnkişaf İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova, “Qlobal fəaliyyət” panelində Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədri Gülay Novruzova, “Sərhədlərarası əməkdaşlıq” panelində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Əsmər Astanlı və “Gənc Diplomatlar” Maarifləndirmə İctimai Birliyinin İdarə Heyətinin üzvü Cəmil Mehdiyev çıxış ediblər.
Panel müzakirələri zamanı gənclərin həyata keçirdikləri təşəbbüslər, əldə etdikləri təcrübələr və gələcək əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.























