Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert keçirilib.

Bəstəkarlar İttifaqından bildirilib ki, musiqi və ədəbiyyat ictimaiyyətinin nümayəndələrini bir araya gətirən layihə uşaq musiqi mədəniyyətinin inkişafına, eləcə də ədəbiyyatla musiqi arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

Üzeyir Hacıbəyli adına konsert salonunda təşkil olunan tədbirdə çıxış edən ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə uşaqlar üçün əsərlər üzərində aparılan işlərdən danışıb, konsertin iki yaradıcılıq ittifaqının birgə fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc nəslin tərbiyəsi xüsusi diqqət və ardıcıl iş tələb edən aktual vəzifə olaraq qalır.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva müasir uşaq mahnılarının problemlərinin peşəkar müzakirəsinin təşkilini təklif edib. O, bu gün ritmik və yadda qalan əsərlərə üstünlük verən azyaşlı dinləyicilərin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. 

Tədbirdə daha sonra uşaqlar üçün çoxsaylı əsərlər müəllifi yazıçı Zahid Xəlil, şairlər Qəşəm Nəcəfzadə, Mətanət Ulu Şirvanlı çıxış ediblər. Onlar müasir müəlliflərin də uşaqlar üçün yeni mahnılara çevrilə biləcək şeirlər yazdıqlarını bildiriblər.

Konsert proqramına Azərbaycan bəstəkarlarının azyaşlı dinləyicilər üçün əsərləri daxil edilib. Şahin Musaoğlunun sözlərinə Sevda Rəhimovanın bəstələdiyi “Can, Azərbaycandır”, Mətanət Ulu Şirvanlının sözlərinə Rəna Qədimovanın bəstələdiyi “At gəlir, murad gəlir”, Abbas Səhhətin şeirlərinə Üzeyir Məmmədovun bəstələdiyi “Köç”, Mətanət Ulu Şirvanlının sözlərinə İlahə Qismətin bəstələdiyi “Gözəl qaz”, Ramiz Qusarçaylının sözlərinə Sevinc Əliyeva-Qəmbərovanın bəstələdiyi “Azərbaycan bayrağı” və Rasim Kərimlinin sözlərinə Lalə Əhmədovanın bəstələdiyi “Ucaldaq Vətəni” mahnıları səslənib. Sevinc İbrahimovanın “Şən karusel” və “Kitabı sevək”, Sevda Məmmədlinin “Əziz müəllim” mahnııları, Mehriban Əhmədovanın “Sərhədçilər mahnısı” da proqramda yer alıb. 

Əsərlərin bir qismi ilk dəfə ifa olunub.

Konsertdə uşaq xorları, musiqi məktəblərinin və ümumtəhsil müəssisələrinin şagirdləri, eləcə də gənc solistlər iştirak ediblər. İştirakçılar arasında Bakı şəhəri Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin “Renessans” xoru və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru da olub.

 Bütün ifalar alqışlarla qarşılanıb.