Oktyabrın 30-da Milli Xalça Muzeyində Vətən müharibəsində (2020) qazanılmış Zəfərin altıncı ildönümünə həsr olunan “Çapanda ağ-boz atın büdrəməsin” adlı sərgi açılıb.
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə keçirilən sərgidə döyüş atı mövzusu tarixi, mədəni və fəlsəfi aspektlərdən təqdim olunur.
Mərasimin aparıcısı, layihənin ərsəyə gəlməsində bilavasitə iştirak etmiş tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov qeyd edib ki, sərginin adı təsadüfi seçilməyib. “Çapanda ağ-boz atın büdrəməsin!” – qədim türk eposunda ulu Dədə Qorqudun igidlərə bu xitab-alqışı atın tariximizdə, folklordan incəsənətədək mədəni irsimizdə atın rolunu və yerini ifadə edir.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan xalqının etnomədəni dəyərlər sistemində, folklorunda və mifologiyasında at kultunun xüsusi yer tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, sərgi Azərbaycan və ümumilikdə türk hərb ənənəsində döyüş atının roluna həsr olunub. Əsrlər boyu orduların əsas dayaqlarından olan atlar sürət və güc rəmzinə çevrilib. Türk süvarilərinin döyüş taktikaları, atlı oxçuluq ənənəsi və azadlıq ruhu tarixin gedişinə təsir göstərib. XIV–XVI əsrlərə aid at formalı qəbirdaşları da atın yalnız döyüş vasitəsi deyil, həm də azadlığın, qüdrətin rəmzi olduğunu göstərir.
“Tarixdən gələn dözümlülük, çeviklik və sarsılmaz iradə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin mənəvi dayaqlarından birinə çevrildi”, – deyən Səadət Yusifova sərginin və kataloqun hazırlanmasında əməyi olanlara təşəkkür edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu atların əsrlər boyu insanın yanında olduğunu, onun yoldaşına çevrildiyini və müharibələrdə mühüm rol oynadığını qeyd edib. “Bu gün insanlar lüks avtomobil markalarına sahib olmaqla fəxr edirlər. Keçmişdə isə insanın nüfuzu onun atının cinsi və keyfiyyəti ilə ölçülürdü. At insanın ən yaxın köməkçilərindən biri olub. Buna görə də bu gün atlara böyük hörmətlə yanaşırıq”, – deyə o bildirib.
ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova sərginin birillik araşdırmaların və gərgin əməyin nəticəsi olduğunu deyib. O, ekspozisiyada Azərbaycan təsviri sənətində at obrazının müxtəlif dövrlərdəki təcəssümünün əks olunduğunu vurğulayıb.
ADMİU-nun fəxri professoru, Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kuru sərginin atın türk xalqlarının tarixində və mədəniyyətindəki rolunu nümayiş etdirmək baxımından əhəmiyyətini qeyd edib. O, alim və sənətkarların maraqlı mövzular təqdim etdiyini vurğulayıb, Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb.
“Thereplika” yayım şirkətinin (Türkiyə) həmtəsisçisi Ahmet Taner Özər sərginin kataloqunun hazırlanması barədə danışıb.
Çıxışlardan sonra rəssam Naqiyə Rzayevanın qum sənəti üslubunda hazırladığı “Laçın: döyüş atı” kompozisiyası nümayiş etdirilib.
Daha sonra sərgiyə baxış keçirilib.
Ekspozisiyada yerli və türkiyəli müasir rəssam və heykəltəraşların 50-dən çox rəngkarlıq, heykəltaraşlıq, qrafika və dekorativ-tətbiqi sənət əsəri nümayiş olunur. Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindən, daş salnamələrdən, miniatür sənətindən və monumental rəngkarlıq ənənələrindən ilhamlanan əsərlərdə Azərbaycan tarixinin şanlı səhifələri və görkəmli şəxsiyyətləri də əksini tapıb.
Layihənin məqsədi Azərbaycan xalqının tarixi yaddaşında və mədəni irsində xüsusi yer tutan döyüş atı obrazını yeni bədii interpretasiyalarla təqdim etməkdir. Sərgidə at yalnız döyüş vasitəsi kimi deyil, insanın sirdaşı, yol bələdçisi və xilaskarı, eləcə də əcdad yaddaşının daşıyıcısı kimi təcəssüm olunur.
Sərgidə kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVII–XXI əsrlərə aid tarixi silah nümunələri və onların replikaları da təqdim edilir. Eksponatlar arasında şahzadə Abbas Mirzə Qacarın, II Şah Abbasın, Səfəvi dövlətinin vilayətlərindən birinin hakiminin və Şəki xanlarının istifadə etdiyi silahlar, həmçinin Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların replikaları yer alır.
Tədbirdə sərginin layihə tərəfdaşı “Thereplika” nəşriyyatı tərəfindən hazırlanan kataloqun təqdimatı da olub.
Sərgi noyabrın 15-dək davam edəcək.




























