BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı – UNCTAD-ın (United Nations Conference on Trade and Development) hesabatına görə, Qazaxıstan Avrasiya investisiya xəritəsindəki mövqeyini gücləndirir.
Hesabatda bildirilir ki, Qazaxıstan 2025-ci ildə yeni "greenfield" investisiya layihələrinin ("greenfield" – ingiliscə “təmiz vərəqdən”; yeni qurulan müəssisə və ya layihə nəzərdə tutulur – red.) dəyərinə görə Avrasiya İqtisadi İttifaqı (Eurasian Economic Union) daxilində liderliyə yüksəlib.
Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyindən verilən məlumatda bildirilir.
UNCTAD-ın Aİİ ölkələrinə (Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Ermənistan) investisiyalarla bağlı xüsusi hesabatı 25 oktyabrda dərc olunub və Qətərin Doha şəhərində keçirilən Dünya İnvestisiya Forumunda təqdim edilib. Aİİ-yə həsr olunmuş hesabat xüsusi regional analitik tədqiqat xarakteri daşıyır və artıq ikinci ildir ki, beynəlxalq forumlarda təqdim olunur.
Hesabata əsasən, 2025-ci ildə Qazaxıstanda "greenfield" layihələrinin dəyəri təxminən 24 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 34% artım deməkdir. Ötən il Aİİ çərçivəsində elan edilmiş bütün yeni layihələrin ümumi dəyərinin (25,9 milyard dollar) təxminən 93%-i Qazaxıstanın payına düşüb və bu göstərici ölkənin regiondakı lider mövqeyini təsdiqləyir.
***
İctimai asayiş və təhlükəsizlik üzrə dünyanın ilk 50 ölkəsi arasında
Qazaxıstanın öncül mövqelərini ifadə edən daha bir hesabat "World Justice Project" (WJP) təşkilatı tərəfindən açıqlanıb. WJP-nin apardığı beynəlxalq tədqiqatın 2026-cı il üzrə nəticələrinə əsasən, ölkə ictimai asayiş və təhlükəsizlik baxımından dünya üzrə ilk 50-likdə mövqeyini möhkəmlədib.
Qazaxıstan 143 ölkə arasında 41-ci yeri tutaraq, "Asayiş və təhlükəsizlik" kateqoriyasında Fransa, İtaliya, Portuqaliya, Gürcüstan, Türkiyə, Rusiya və Qırğızıstan kimi ölkələri geridə qoyub.
Müqayisə üçün qeyd edək ki, Qazaxıstan 2023-cü ildə bu siyahıda 44-cü yerdə olub və sonrakı üç il ərzində hər il bir pillə irəliləyib. Bu il də müsbət meyillər müşahidə olunur. 2026-cı ilin ilk doqquz ayı ərzində ölkədə qeydə alınan cinayətlərin sayı 15% azalıb.
WJP-nin beynəlxalq reytinqi əhali və ekspertlər arasında aparılan tədqiqatlar və sorğular əsasında tərtib edilir; burada cinayətkarlıq səviyyəsi və vətəndaşların zorakılıqdan qorunması kimi amillər nəzərə alınır.
medeniyyet.info.az





















