Oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib.
Zirvə toplantısında Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr (TDT-də müşahidəçi üzv) prezidentləri iştirak ediblər. Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. TDT-də müşahidəçi üzv statusu olan Macarıstan sammitdə təmsil olunmayıb.
Qeyd edək ki, bir gün öncə mediada Azərbaycan Prezidentinin əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığı səbəbindən Ankarada TDT zirvə görüşündə iştirak edə bilməyəcəyi barədə məlumat yayılmışdı. Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda FİFA U-15 Dünya Çempionatının final mərasiminə qatılacağı bildirilmişdi.
***
"Türk əsri: Dildə, fikirdə və əməldə birlik" devizli TDT-nin 13-cü sammiti Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Beştepe Millət Sərgi Salonunda gerçəkləşib.
Rəsmi qrup şəklinin çəkilməsi və sammit üçün hazırlanmış xatirə lövhəsinin imzalanmasından sonra başlanan sammitdə ilk olaraq Türkiyə Prezidenti Ərdoğan çıxış edib.
“Türkiyə sədrliyi Azərbaycandan təhvil alır. Təşkilatımızın bu günə qədər qazandığı institusional təcrübəni yeni nailiyyətlərə çevirməyi hədəfləyirik”, – deyə Türkiyə Prezidenti bildirib.
***
Sonra TDT-də dönəm başqanlığını həyata keçirən Azərbaycan adından XİN başçısı Ceyhun Bayramov çıxış edib.
Azərbaycan XİN-in yaydığı məlumata görə, nazir Ceyhun Bayramov çıxışının əvvəlində zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.
Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin “Regional sülh və təhlükəsizlik” olduğunu bildirən Ceyhun Bayramov, beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.
Ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu, Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığı qeyd olunaraq, sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi vurğulanıb.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.
Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.
TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.
Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, cari ildə Bakıda Birinci Türkoloji Qurultayın (1926) 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin və eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.
TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan Prezidenti türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, bu dövrdə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Prezident Kasım-Jomart Tokayev öz növbəsində Qazaxıstan ilə Azərbaycan arasında Trans-Xəzər fiber-optik rabitə xəttinin açıldığını və digər türk dövlətlərinin də layihədə iştirak edə biləcəyini bildirib. Qazaxıstanın tranzit potensialını artırmaq üçün xüsusi proqram həyata keçirdiyini bildirən Tokayev Orta Dəhliz boyunca logistika infrastrukturunun və dəniz limanlarının modernləşdirilməsinin ölkəsinin prioritetləri arasında olduğunu vurğulayıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə çağırıb. O qeyd edib ki, Türkmənistan türk dövlətləri ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir və TDT-yə qarşılıqlı etimadı, səmərəli əlaqələrin inkişafını və qardaş ölkələr arasında praktiki əməkdaşlığı təşviq edən mühüm bir təşkilat kimi baxır.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman Kipr adasında problemlərin uzunmüddətli və ədalətli həlli istiqamətində bütün tərəflərlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.
***
Sammitdə TDT-nin baş katibi vəzifəsini başa vuran Kubanıçbek Omuraliyevə (Qırğızıstan) minnətdarlıq ifadə olunub, yeni baş katib Mirvoxid Azimovun (Özbəkistan) təyinatı təsdiqlənib.
TDT-də növbəti bir il müddəti üçün sədrlik Türkiyəyə keçib.
Sammitin sonunda Türk Dövlətləri Təşkilatı 13-cü zirvəsinin birgə bəyannaməsi (Ankara bəyannaməsi) imzalanıb. 163 maddəlik bəyannamədə regional əlaqə və müdafiə sənayesindən ortaq əlifba və nəqliyyat dəhlizlərinə qədər geniş sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.


























