Oktyabrın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi indi duy” layihəsi çərçivəsində “Xalçalar diyarı” adlı sərgi açılıb.

Milli Xalça Muzeyindən verilən məlumata görə, sərgi Azərbaycan xalça sənətinin zəngin irsini müasir bədii yanaşmalarla bir araya gətirərək ənənə ilə innovasiya arasındakı yaradıcı dialoqu nümayiş etdirir.

Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsi, müasir rəssamlar Mədinə və Nərmin Nəcəffin, eləcə də xalça mütəxəssisi Yaşar Malfouzinin əsərləri təqdim olunur.

Lətif Kərimovun 120 illik yubileyi münasibətilə sənətkarın müəllifi olduğu iki eskiz əsasında ilk dəfə toxunmuş relyefli ipək xalçalar sərginin diqqətçəkən nümunələri sırasında yer alır. Onun zəngin yaradıcılıq irsinə müasir baxış Azərbaycan Milli Xalça Muzeyi və HUG.art platformasının birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal sənət müsabiqəsinin qaliblərinin əsərləri ilə davam etdirilir.

Mədinə və Nərmin Nəcəffin rəsm əsərləri əsasında toxunmuş yeni xalçalar təsviri sənətlə ənənəvi toxuculuq arasında mükəmməl yaradıcı əlaqəni, xalçanın müasir bədii ifadə vasitəsi kimi geniş imkanlarını nümayiş etdirir.

Sərgidə həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan XIX əsr nümunəsi olan Bakıya aid “Quşlu” xalçası əsasında hazırlanmış relyefli xalça təqdim olunur. Yaşar Malfouzinin müəllifi olduğu iki relyefli xalça da sərgidə yer alıb.

***

Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxışında bildirib ki, muzey artıq ikinci ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Fly to Baku. Bakıya uçuş. Art Weekend” layihəsinə qoşulur. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və incəsənət sahəsində fəaliyyət göstərən bir sıra qurumların dəstəyi ilə həyata keçirilən layihə muzeydə müxtəlif tədbirlərin təşkilinə şərait yaradır.

Əminə Məlikova bu ilin muzey üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu il Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd olunur. Direktor belə sərgi və layihələrin incəsənət nümunələrinin tanıdılması, ictimaiyyətin mədəniyyətə marağının artırılması baxımından əhəmiyyətindən də danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Azərbaycan xalça sənətinin xalqımızın əsrlər boyu formalaşmış zəngin mədəni yaddaşını, estetik zövqünü və milli kimliyini yaşadan unikal xəzinə olduğunu bildirib. Qeyd edib ki, ekspozisiya Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, alim və xalq rəssamı Lətif Kərimovun zəngin irsini əks etdirir. Ustadın 120 illik yubileyi münasibətilə onun eskizləri əsasında ilk dəfə toxunmuş nadir ipək xalçaların nümayişi mədəniyyət tariximiz üçün əlamətdar hadisədir. Lətif Kərimovun irsinin rəqəmsal sənət vasitəsilə müasir baxışla təqdim olunması milli irsin gənc nəslə çatdırılmasında texnologiyaların imkanlarını nümayiş etdirir.

Sərgidə əsərləri nümayiş olunan Yaşar Malfouzi bildirib ki, uzun müddətdir muzeylə əməkdaşlıq etməyi arzulayıb. Təbrizdə yaşadığını və ailəsinin xalçaçılıq ənənələri ilə bağlı olduğunu deyən sənətkar Lətif Kərimovun iki əsərinin xalça üzərində canlandırılmasını özü üçün böyük şərəf adlandırıb. O, layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə muzeyə təşəkkürünü bildirib.

***

Qeyd edək ki, “Bakıya uçuş...” layihəsi çərçivəsində Əməkdar rəssam Faiq Əhmədin Milli Xalça Muzeyində nümayişi davam edən “Faiq Əhməd: 2011-2024-cü illər dövrü” adlı ekspozisiyası da 3 yeni əsərlə zənginləşdirilib.

“Xalçalar diyarı” sərgisi noyabrın 29-dək davam edəcək.