Oktyabrın 29-da Türkiyənin Cümhuriyyət Bayramı Bakıda təntənə ilə qeyd edilib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi mərasim iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlanıb.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 Oktyabr – Cümhuriyyət Bayramı münasibətilə video-təbriki təqdim olunub.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək mərasim iştirakçılarını salamlayıb. Səfir çıxışında iki dost və qardaş ölkə arasındakı münasibətlərdən, iqtisadiyyatdan mədəniyyətədək çoxşaxəli əməkdaşlıqdan bəhs edərək bu münasibətlərin Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı və Heydər Əliyevin “Bir millət – iki dövlət” şüarının işığında davam etməsinin önəmini vurğulayıb.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərasimdə çıxış edərək Azərbaycan hökuməti adından Cümhuriyyətin 103-cü ildönümü münasibətilə Türkiyə dövlətini və xalqını təbrik edib. Nazir çıxışında iki ölkənin iqtisadi əməkdaşlığı üzərində xüsusi dayanaraq bu əlaqələrin son illərdə böyük yol qət etdiyini vurğulayıb.
Mərasim Azərbaycan və Türkiyə mətbəxləri təamlarından ibarət ziyafət və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və rəqs ansamblının ifasında bədii proqramla davam edib. İki qardaş ölkənin xalq mahnı və rəqsləri, eləcə də sevilən bəstələr alqışlarla müşayiət olunub.
Bayram münasibətilə “Gülüstan” sarayının foyesində Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi tərəfindən Cümhuriyyətin 103 illik tarixinə foto-ekskurs olan geniş sərgi də təqdim edilib.

























