2-ci Bakı Beynəlxalq İncəsənət Festivalında (BIAF-2026) iştirak edən Sankt-Peterburq Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı A.P.Çexovun “Qağayı” pyesi əsasında hazırlanan tamaşanı oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və gəlini Alyona Əliyeva tamaşaya baxıblar.
“Qızıl maska” da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatı olan rejissor Lev Dodinin quruluş verdiyi “Qağayı” klassik pyesin ən məşhur nümunələrindən biri hesab edilir.
Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.
Səhnə əsərində Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digərləri çıxış ediblər.
Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb.
Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər.



























