Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə bölgədə “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlər davam etdirilir.

MEMİM-in “Sənət dialoqu” layihəsi çərçivəsində oktyabrın 28-də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti tarzən Elçin Həşimovla ustad dərsi formatında görüş keçirilib.

MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında layihə barədə məlumat verib. Bildirib ki, tanınmış sənət nümayəndələri ilə yaradıcı gənclər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, milli mədəni irsin təbliğinə xidmət edən layihə eyni zamanda regionlarda musiqi sənətinin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir.

Quba-Xaçmaz RMİ-nin rəisi vəzifəsini icra edən Fuad Orucov layihənin bölgədə təşkilinə görə MEMİM-ə təşəkkürünü bildirib və bu kimi maarifləndirici tədbirlərin xüsusilə uşaq və gənclər üçün çox əhəmiyyətli olduğunu deyib.

MEMİM-in sektor müdiri Nicat Həsənzadənin moderatorluğu ilə davam edən görüşdə Xalq artisti Elçin Həşimov gənc ifaçıların həm ixtisas, həm də nəzəri biliklərinin artırılması məsələlərindən danışıb, milli musiqi sənətinin inkişafı, tar ifaçılığının özünəməxsus xüsusiyyətləri və bu sənətin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tədbir Xalq artisti Elçin Həşimovun, Xaçmaz şəhər Uşaq musiqi məktəbinin şagirdi Hüseyn Cəfərovun, Quba şəhər Uşaq incəsənət məktəbinin şagirdi Polad Əmirbalayevin, eləcə də AMK-da E.Həşimovun sinfində təhsil alan Mehdi Sadıqzadə, Araz Qasemi və Fateh İskəndərin (nağarada Siyavuş Kərimovun müşayiəti ilə) ifaları ilə davam edib.

İnteraktiv formatda keçirilən görüşün sonunda Elçin Həşimov görüş iştirakçılarının suallarını cavablandırıb.