"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu (Ağstafa rayonu), Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qazax şəhərində tələbə-gənclər arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual yarış təşkil edilib.

Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan yarışln məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətini təbliğ etmək, tələbələrin intellektual potensialını, məntiqi təfəkkürünü və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.

İntellektual yarışda 25 komanda mübarizə aparıb. İştirakçılara işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni abidələr, milli-mədəni irsimizin tarixi kökləri, onun qorunması və gələcək nəsillərə çatdırılmasında gənclərin rolu ilə bağlı suallar ünvanlanıb.

“Azərbaycan” komandası birinci, “Xankəndi” komandası ikinci, “Qızıl Hacılı” komandası üçüncü yeri tutub.

Sonda qalib komandalara sertifikatlar təqdim olunub.