F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə oktyabrın 25-də XII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan dilində "Özbək nağılları" və özbək dilində "Azərbaycan nağılları" kitablarının təqdimatı keçirilib.  

Kitablar ölkəmizin Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında çap edilib.

Kitabxanadan verilən məlumata görə, hər iki kitabda nağıllara çəkilmiş şəkillər 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) "Təsviri sənət və dizayn" dərnəyinin üzvlərinə və özbək məktəblilərinə aiddir.

Təqdimat mərasimində Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə, 3 nömrəli UGİM-in direktoru Lalə Qəti, yazıçılar Zahid Xəlil, Solmaz Amanova, Sevinc Nuruqızı, naşir Tural Axundov və məktəblilər iştirak ediblər.

Təqdimat 3 nömrəli UGİM şagirdlərinin ifasında kompozisiya və rəqslərlə başlanıb. Onların obrazlı çıxışları, səhnə təqdimatları və nağılların məzmununu yaradıcı şəkildə canlandırmaları tədbirə xüsusi rəng qatıb.

Bədii hissədən sonra Şəhla Qəmbərova qonaqları salamlayaraq "Özbək nağılları" kitabının nəşrinin əhəmiyyətindən danışıb, Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin ədəbi-mədəni sahədə də uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, xalqların folklor irsinin qarşılıqlı şəkildə tərcümə və nəşr olunması uşaqların dünyagörüşünün zənginləşməsinə, fərqli mədəniyyətləri tanımasına və ortaq mənəvi dəyərləri daha dərindən mənimsəməsinə mühüm töhfə verir. Bu kimi layihələrin uşaqların kitaba və mütaliəyə marağının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Çıxış edən qonaqlar uşaqların mütaliəyə marağının artırılmasının, onların keyfiyyətli ədəbiyyatla təmin olunmasının və kitabxana, təhsil müəssisələri, yazıçılar və nəşriyyatlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, bu cür layihələr kitabxanaların, təhsil və mədəniyyət müəssisələrinin, yazıçıların və nəşriyyatların birgə fəaliyyətinin əhəmiyyətini nümayiş etdirir. Hər iki nəşrin uşaqların mütaliəyə həvəsləndirilməsi, onların müxtəlif xalqların ədəbiyyatına marağın artırılması baxımından önəmi də diqqətə çatdırılıb.