Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 26-da Xaçmaz şəhər Uşaq musiqi məktəbində fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.
Əvvəlcə MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək ustad dərslərinin təşkilinin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki köməkliyin göstərilməsi, qabaqcıl ifaçılıq və tədris metodlarının bölüşülməsi, təhsilalanların yaradıcılıq potensialının üzə çıxarılması və hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır.
L.Kərimova MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını məktəbə hədiyyə edib.
Fortepiano üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) İxtisas fortepiano kafedrasının baş müəllimi Zərif Kərimovanın iştirakı ilə gerçəkləşib. Müəllim fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları qeyd edib. Çalğı ilə bağlı bəzi texniki məsələlər əyani şəkildə icra olunub.
Əməkdar müəllim, BMA-nın Simli alətlər kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva tərəfindən keçirilən ustad dərsində isə violində ifaçılığın xüsusiyyətləri, alətlə düzgün davranış, ifa üçün əsərlərin seçilməsi barədə danışılıb, müəllim və şagirdlərə müvafiq tövsiyələr verilib.
İnteraktiv formatda keçən hər iki ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoqlar iştirakçıların suallarını cavablandırıblar.
Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsi Quba-Xaçmaz RMİ-nin dəstəyi ilə həyata keçirilir.

























