Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev oktyabrın 26-da UNESCO-nun baş direktorunun müavini xanım Asa Regnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə DTA-dan məlumat verilib.

Görüş zamanı DTA ilə UNESCO arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib. Turizm əhəmiyyətli mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş mədəni irs obyektlərinin qorunması və dayanıqlı idarə olunması, İpək Yolları Proqramı çərçivəsində birgə təşəbbüslər, dayanıqlı turizmin inkişafı, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi çərçivəsində əməkdaşlıq və qastronomiya turizminin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə mədəni irs obyektlərinin qorunmasının, tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.