Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Turizmin (UN Tourism; keçmiş adı: Dünya Turizm Təşkilatı) baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.
Baş katib VII Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlib. BMT Turizm VII Forumun tərəfdaş təşkilatlarından biridir.
Qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı ölkəmizlə BMT Turizm arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açılıb, paytaxtla yanaşı regionlarda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Bütün bunların, həmçinin Azərbaycandakı əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.
Gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Azərbaycanın İspaniyadakı səfiri və BMT Turizmdə (mənzil-qərargahı Madrid şəhərində yerləşir) daimi nümayəndəsi Ramiz Həsənov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görüşdə iştirak ediblər.























