Oktyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan verilən məlumata görə, tədbirdə əvvəlcə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə çıxış edərək maestro Rauf Abdullayevin sənət yolu haqqında söz açıb, konsert proqramını diqqətə çatdırıb.
Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri öz dövrünün nəhəng dirijoru, görkəmli Avstriya bəstəkarı Qustav Malerin (Gustav Mahler; 1860–1911) 1-ci simfoniyasını (D-dur) ifa edib.
Dörd hissədən ibarət olan simfoniya dinləyicilərə bəstəkarın zəngin musiqi təfəkkürünü, parlaq orkestr boyalarını və dərin emosional dünyasını duymaq imkanı yaradıb.
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Rauf Abdullayevə həsr olunan bu əlamətdar konsert sənətə, musiqi ənənələrinə və böyük sənətkarların irsinə ehtiramın parlaq ifadəsi olub.

























