Xəbər verdiyimiz kim, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə bölgədə “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər keçirilir.

***

Oktyabrın 23-də Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “Koha AKİS-in (avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi) funksional imkanları və onlardan səmərəli istifadə yolları” mövzusunda təlim təşkil olunub. Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı ilə gerçəkləşən treninqdə Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar rayonlarından kitabxana əməkdaşları iştirak ediblər.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova layihənin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, təlimin məqsədi kitabxanaların xidmət sektorunda müasir metodların tətbiqinin sürətləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və oxucularla işin düzgün qurulmasıdır.

Təlimçi – Milli Kitabxananın Elmi-tədqiqat kitabxanaşünaslıq və metodik təminat şöbəsinin aparıcı elmi işçisi Lamiyə Süleymanova Koha sisteminin üstünlüklərini və ümumiyyətlə, kitabxana sahəsində tətbiq olunan yeniliklərin sahənin inkişafına müsbət təsirlərini diqqətə çatdırıb, kitabxanaçıların suallarını cavablandırıb.

***

Həmin gün Şabran rayon MKS-nin Mərkəzi Kitabxanasında muzey əməkdaşları üçün “Maddi irsin muzeyləşdirilməsi və rəqəmsallaşdırılması: müasir yanaşmalar” mövzusunda treninq keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə reallaşan təlimdə Şabran rayonu ilə yanaşı, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən muzey və qoruqların (tarixi-arxeoloji) əməkdaşları, fond mühafizləri, abidə mühafizəçiləri və elmi işçilər iştirak ediblər.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz RMİ-nin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək müasir muzeylər üçün rəqəmsallaşmanın əhəmiyyəti barədə söhbət açıblar. Bildirilib ki, bu sahədə tətbiq edilən müasir yanaşmalar eksponatların düzgün mühafizəsinə və ziyarətçilərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.

Təlimçi – Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev muzey əməkdaşlarının peşə hazırlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, muzey işi sahəsində müasir elmi-metodik yanaşmaların və innovativ texnologiyaların tətbiqi haqqında məlumat verib.

***

Oktyabrın 23-də “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində Siyəzən şəhər Uşaq incəsənət məktəbində Quba, Qusar, Xudat, Xaçmaz və Siyəzən rayonlarında fəaliyyət göstərən incəsənət məktəblərinin rəhbər və pedaqoji heyəti üçün “Tədris sənədləşməsinin hüquqi və normativ əsasları” mövzusunda treninq təşkil olunub.

Quba-Xaçmaz RMİ-nin aparıcı məsləhətçisi Fərid Musayev bölgələrdə keçirilən bu qəbildən təlimlərin təhsil ocaqlarında fəaliyyətin səmərəliliyinin artırılmasına töhfə verdiyini deyib, təşkilatçılara təşəkkürünü bildirib.

MEMİM-in sektor müdiri Nicat Həsənzadə tərəfindən keçirilən təlimdə məktəblərdə pedaqoji prosesin düzgün qurulması, hesabatlılığın təmin olunması, həmçinin müəllimlərin metodiki hazırlığının təkmilləşdirilməsi və sənədləşmə işinin tələblərə uyğun şəkildə aparılması ilə bağlı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.