Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan musiqisinin, xüsusilə muğam sənətinin ABŞ-də təbliğinə töhfələr verən Cefri Verbokunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə BMM-dən məlumat verilib.

BMM-in direktoru Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə çıxış edərək yubilyarı təbrik edib, onun Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəki fəaliyyətindən söz açıb.

Cefri Verbokunun Azərbaycan muğamını uzaq Amerikada böyük sevgi ilə təbliğ etdiyini, xalqımızın zəngin musiqi irsinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verdiyini vurğulayan Sahib Paşazadə qeyd edib ki, onun bu fəaliyyəri, milli musiqimizə, xüsusilə muğam sənətinə bəslədiyi dərin sevgi, kamança, tar kimi musiqi alətlərimizə göstərdiyi ehtiram xüsusi rəğbətə layiqdir.

BMM-in direktoru Cefri Verbokunun Azərbaycan musiqisinə olan sevgisindən söz açaraq Ulu öndər Heydər Əliyevlə görüşünü onun Azərbaycan mədəniyyəti ilə əlaqələrinin əlamətdar məqamı kimi dəyərləndirib.

Cefri Verbokunun Amerika Muğam Cəmiyyətinin rəhbəri kimi fəaliyyətini də xüsusi vurğulayan Sahib Paşazadə yubilyara yeni uğurlar arzulayıb, Azərbaycan musiqisinə olan sevgisinin daim yaşamasını, muğamlarımızın sədalarının dünyanın müxtəlif guşələrində eşidilməsinə bundan sonra da töhfələr verməsini diləyib.

Cefri Verboka yubileyi münasibətilə BMM-nin təbrik məktubu da təqdim edilib.

Tədbir çərçivəsində Cefri Verbokun müəllifi olduğu “Şuşa, sevgilim” sənədli filmi nümayiş etdirilib. Film Qarabağın musiqi yaddaşına, milli-mənəvi dəyərlərinə və sənətkarlarımızın əziz xatirəsinə duyulan hörmətin ifadəsi kimi diqqət çəkib.

Ardınca Cefri Verbokunun kamança, tar və ud alətlərində ifaları dinləyicilərə təqdim edilib.

Musiqi proqramından sonra yubilyar tədbir iştirakçılarının suallarını cavablandırıb, auditoriya ilə səmimi söhbət aparıb.