27–29 oktyabr tarixlərində Bakıda VII Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. 

Forum ərəfəsində, oktyabrın 24-də Quba şəhərində Beynəlxalq Gənclər Forumunun açılışı olub.

44 ölkədən gənc liderləri bir araya gətirən tədbirin açılışında mədəniyyət nazirinin müavini Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış ediblər.

Çıxışlarda gənclərin mədəniyyətlərarası dialoqun təşviqində, qarşılıqlı anlaşmanın gücləndirilməsində və xalqlar arasında əməkdaşlığın inkişafında rolu vurğulanıb. Forumun gənc liderlər üçün fikir mübadiləsi aparmaq, təcrübələrini bölüşmək və ortaq gələcək naminə yeni əməkdaşlıq imkanları yaratmaq baxımından əhəmiyyəti qeyd olunub.

BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) gənclər şəbəkəsinin üzvlərinin də iştirak etdiyi forum çərçivəsində keçirilən müzakirələr və müxtəlif fəaliyyətlər gənclərin dialoq və həmrəylik təşəbbüslərinə töhfə verməsinə, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.