Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin (1926–2008) 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.
“Yadıma sən düşürsən” adlı konsertdən əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq irsindən və əsərlərinin özünəməxsus bədii xüsusiyyətlərindən danışıb. O, Ramiz Mustafayevin milli musiqi sənətində tutduğu mövqeyi və yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.
Musiqi gecəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə tanınmış vokalçı, Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarını ifa edib.
Orkestri dirijor, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Konsertmeyster Əməkdar artist Nərgiz Əliyeva, solistlər Soltan Əliyev (nağaraçı) və Cavanşir Rüstəmbəyli (tarzən) olub.
Ramiz Mustafayev Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan sənətkarlardandır. O, müxtəlif janrlarda yaratdığı əsərlərlə milli musiqi xəzinəsinin zənginləşməsinə töhfə verib. Bəstəkarın yaradıcılığı bu gün də ifaçıların və musiqisevərlərin diqqətini cəlb edir.






















