Azərbaycanın Xalq artisti, dünyaca məşhur caz ifaçısı, pianoçu və bəstəkar Əzizə Mustafazadə Frankfurtda (Almaniya) keçirilən "KULTÜR 2026 – Beynəlxalq Türk-Alman Mədəniyyət və İncəsənət Festivalı"nda “Musiqi” kateqoriyası üzrə “Qızıl Ü” (“KULTÜR Awards – Altın Ü”) mükafatı ilə təltif olunub.
Bu barədə festivalın təşkilatçısı, Frankfurtda fəaliyyət göstərən “Almanya Türk Expatlar e. V.” (“Almaniya Türk Expatlar Cəmiyyəti”; ingiliscə “expatriate” – doğulduğu ölkənin vətəndaşlığını saxlayıb başqa ölkədə peşəkar mütəxəssis kimi çalışanlar) məlumat yayıb.
Cəmiyyətdən medeniyyet.info.az-a verilən məlumatda bildirilir ki, Əzizə Mustafazadə festivalda “Qızıl Ü” mükafatını şəxsən qəbul edib.
Mərasimdə Türkiyə, Bosniya və Herseqovina, Tailand, Tunis, Əlcəzair, Moldova, Malayziya və Qırğızıstan diplomatları – Frankfurtdakı konsulluqların rəhbər və məsul iştirak ediblər.
Gecədə azərbaycanlı pianoçu Könül Qasımova, akkordeonçu Elşən Qarayev, vokalçı Malik Hünərvəri, həmçinin Almaniya, Qazaxıstan, Qırğızıstan, İrlandiya, Polşa, Tatarıstan və Çexiyadan sənətçilər çıxış ediblər.
Festivalın direktoru və bəstəkar Fırat Cem Tuncel tərəfindən yaradılmış "Türk elləri marşı" layihəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan xalqlarının ortaq mədəni köklərinə musiqi vasitəsilə körpü qurmağı hədəfləyir.
“Fırat Cem Tuncel & Band” konsertinin sonunda azərbaycanlı musiqiçilərlə birlikdə "Türk elləri marşı" səsləndirilib. Festival Azərbaycan sənətçilərinin rəqs, piano, skripka və qarmonla müşayiət olunan çıxışları ilə başa çatıb. Zalın coşqulu reaksiyası gecənin ən yaddaqalan məqamlarından olub.






















