19-22 oktyabr tarixlərində Fransanın Kann şəhərində keçirilən “International Golf Travel Market (IGTM) 2026” sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

Azərbaycan Turizm Bürosu (ATB) və “Dreamland Golf Club” sərgi çərçivəsində ölkəmizin qolf turizmi imkanlarını beynəlxalq turizm şirkətlərinə və sahə üzrə mütəxəssislərə təqdim ediblər.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qolf turizmi üzrə ixtisaslaşmış beynəlxalq sərgidə müxtəlif ölkələrin turizm istiqamətləri, kurortları, qolf klubları, turizm agentlikləri və turoperatorları təmsil olunub. B2B görüşlər zamanı turizm məhsulları, bazar imkanları və qolf turizmi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Qolf texnologiyaları, pərakəndə satış, geyim və aksesuarlar, eləcə də qolf klublarının idarə edilməsi sahələrində fəaliyyət göstərən şirkətlərlə təcrübə və məlumat mübadiləsi aparılıb.

 Azərbaycanın sərgidə iştirakı ölkənin qolf turizmi istiqaməti kimi beynəlxalq səviyyədə tanıdılması, bu sahədə fəaliyyət göstərən xarici şirkətlərlə işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə xidmət edib.