Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub.

Tədbirdə rəsmilər, Milli Məclisin deputatları, xarici qonaqlar, ədəbiyyat, mədəniyyət xadimləri, naşirlər, kitabsevərlər iştirak ediblər.

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil edilən builki sərgidə 32 xarici ölkədən 59 təşkilat, eləcə də 148 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Kitab bayramına Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa və Səudiyyə Ərəbistanı və digər ölkələrdən müəlliflər  qatılıblar.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzularda kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil olunacaq. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi üçün xüsusi platformalar yaradılıb.

Oktyabrın 27-dək davam edəcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.