Mədəniyyət Nazirliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 17 oktyabr – Füzuli Şəhəri Günü silsilə tədbirlərlə qeyd edilib.
Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, həmçinin Füzuli sakini olan Əməkdar artist Nizami Abdullayev, Ağabala Abdullayev və rəqs ansamblı çıxış edib.
Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar təqdim olunub, milli rəqslər nümayiş etdirilib.
"Qaya" ansamblının da çıxışı alqışlarla qarşılanıb.
Şəhər günü çərçivəsində uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib.
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə azyaşlılar təsviri sənətin müxtəlif istiqamətləri üzrə praktiki məşğələlərdə iştirak edib, müxtəlif rəsmlər çəkiblər.
Bundan əlavə, Füzuli Dövlət Dram Teatrının kollektivi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə "Tıq-tıq xanım” tamaşasını nümayiş etdirib.
***
Altı il öncə Vətən müharibəsində işğaldan azad edildikdən sonra yenidən qurulan və 2023-cü ildən Böyük Qayıdış proqramı çərçivəsində sakinlərə qucaq açan Füzuli şəhəri bu gün özünün yeni, şanlı tarixini yaşayır.
Şəhər günü tədbirlərin əsas məqsədi də Füzulinin mədəni həyatını zənginləşdirmək və Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan ailələrin sevincini bölüşərək onlarda unudulmaz bayram ab-havası formalaşdırmaqdır.



























