Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi tərəfindən keçirilən 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” yekunlaşıb.
Agentlikdən bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının qərarına əsasən, pitçinq mərhələsində iştirak edən 31 layihədən 18-i dəstək göstərilməsi üçün seçilib.
18 qalib layihəyə ümumilikdə 2.763.861 AZN maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
Dövlət dəstəyi üçün seçilən kino layihələrindən 3-ü tammetrajlı bədii, 1-i qısametrajlı bədii, 2-si bədii-sənədli, 4-ü sənədli və 8-i animasiya filmidir.
Bununla yanaşı, Ekspert şurasının qərarına əsasən 5 layihə Bədii keyfiyyətə nəzarət komissiyasının iştirakı ilə təkmilləşdirilməklə növbəti ilin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsində birbaşa iştirak hüququ qazanıb: 2 tammetrajlı bədii – “Meşə növbətçisi” (CNF), “Bir, iki, üç” (“Nova Gorica” kino mərkəzi); 2 qısametrajlı bədii – “İkimiz” (Karvan Production), “Rüzgarın melodiyası” (Navis) və 1 sənədli film – “Yuyunma – Bu bir film deyil” (Navis).


























