Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya pop musiqisinin əfsanəsi Maykl Ceksonun (Michael Jackson; 1958–2009) yaradıcılığına həsr olunmuş "tribyut konsert" (ingiliscə “tribute” – ehtiram; məşhur sənətçiyə (musiqi qrupuna) ehtiram olaraq onun mahnılarını orijinala yaxın üslub və şəkildə ifa etmək) keçirilib.
Teatrdan bildirilib ki, konsertdən əvvəl çıxış edən ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Maykl Ceksonun dünya musiqi mədəniyyətindəki rolunu vurğulayıb.
Konsert proqramında məşhur sənətçinin “Billie Jean”, “Beat It”, “Thriller”, “Heal the World”, “Man in the Mirror” və digər məşhur mahnıları gənc solistlər: İlkin Dövlətov, Fahree, Əlifaiq Mirzəyev, Babək Əfəndi və Mahnı Teatrının solisti Natəvan Həsənovanın ifasında səslənib.
İfaçıları “STB”(Song Theatre Band) pop qrupu müşayiət edib.
Konsertdə Maykl Ceksonun zəngin musiqi irsi, özünəməxsus ifa tərzi və dünya pop musiqisinə bəxş etdiyi unudulmaz əsərlər tamaşaçılara təqdim edilib.
Pop ulduzunun sevilən mahnılarının müasir səhnə təqdimatı onun yaradıcılığının müxtəlif nəsillər üçün aktuallığını bir daha nümayiş etdirib. Layihənin əsas məqsədi dünya musiqisinin əfsanəvi irsini yaşatmaq, Maykl Ceksonun yaradıcılığını yeni nəsillərə tanıtmaq və onun sevilən mahnılarını müasir ifa üslubunda dinləyicilərə çatdırmaq olub.

























