1 oktyabr – 7 noyabr tarixlərində Rusiya Federasiyasının Yakutsk şəhərində (Saxa (Yakutiya) Respublikası) “Şimal şəfəqi” XVI Beynəlxalq Arktika Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan da təmsil olunub.

Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə oktyabrın 13-də festivalda “Oxuyan tarın sehri. Sarayın nəfəsi” adlı konsertdə ikihissəli solo proqramla çıxış edib.

BMM-dən verilən məlumata görə, tanınmış tarzəni Yakutiya Filarmoniyasının Dövlət Simfonik Orkestri – “Simfonika ARТika” (dirijor Maksim Noqovisın) müşayiət edib.

Solo proqramda ilk olaraq Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 2 saylı konserti səslənib. Şərq melodiyası ilə Avropa musiqisinin vəhdət təşkil etdiyi bu əsərdən sonra Sahib Paşazadə Səid Rüstəmovun tar alətinin bir növ himni hesab olunan “Oxu, tar”, Həmid Vəkilovun “Şıdırğı” və Ələkbər Tağıyevin “Lirik mahnı” əsərlərini ifa edib.

Konsertin xüsusi məqamlarından biri tarzənin Azərbaycan musiqi ənənəsinin yeddi əsas muğamından biri olan “Segah” muğamını ifa etməsi olub. Virtuoz tarzənin ifasında V.Montinin məşhur “Çardaş” əsəri isə tarın Avropa musiqisinin nümunələrində də nə qədər məharətlə səslənə bildiyini nümayiş etdirib.

Konsertin sonunda Yakutiya Filarmoniyasının direktoru Tuyaara Pestryakova Sahib Paşazadəyə festivalın rəsmi sertifikatını təqdim edib.

Proqramın ikinci hissəsində Türkiyənin məşhur “Möhtəşəm yüz il” serialından musiqi parçaları təqdim olunub. Bu hissədə bədii mətnləri A.Puşkin adına Rus Dram Teatrının (Yakutsk) aktyoru Şahruz Şepelev səsləndirib.

Yakutiya mətbuatı festivalın bir gününün bütünlüklə Azərbaycan tarına həsr olunduğu diqqətə çatdırıb və “Tarın Paqaninisi” adlandırılan Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin çıxışı ilə bağlı geniş materiallar təqdim edib.

Qeyd edək ki, Sahib Paşazadənin dünyanın müxtəlif ölkələrində Azərbaycan tarının və milli musiqi ənənələrinin təbliği istiqamətində həyata keçirdiyi fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Onun ifaları vasitəsilə Azərbaycan musiqisinin zənginliyi, tarın bənzərsiz səs imkanları və muğam sənətinin dərinliyi beynəlxalq auditoriyaya təqdim olunur. Sənətkarın Yakutiyada Azərbaycan tarının tanıdılması, muğamlarımızın təbliği və yerli dinləyicilərə sevdirilməsi istiqamətində fəaliyyəti də bu baxımdan təqdirəlayiqdir.

Təsadüfi deyil ki, Beynəlxalq Arktika Musiqi Festivalına növbəti dəfə dəvət alan tarzənin çıxışı bu dəfə də Azərbaycan musiqi mədəniyyətinin təntənəsinə çevrilib. Sahib Paşazadənin virtuoz ifası ilə müşayiət olunan bu musiqi görüşü Azərbaycan tarının səsinin yeni dinləyicilərə çatmasına, milli musiqi irsimizə marağın artmasına və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Xatırladaq ki, Sahib Paşazadə 2022-ci ildə “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında Yakutiyada təşkil edilən ənənəvi festival da iştirak edib və Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikasının rəhbəri Aysen Nikolayev tərəfindən respublikanın 100 illiyi münasibətilə təsis edilən medalla təltif olunub.