Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri, milli musiqi irsinin qorunması və təbliğində məxsusi yeri olan Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri bu il 95 yaşını qeyd edir.
Yubiley münasibətilə ilin əvvəlindən keçirilən silsilə tədbirlərə daha bir konsert proqramı əlavə olunub.
Beynəlxalq Muğam Mərkəzində (BMM) təqdim edilən konserti dirijor, Prezident mükafatçısı Mustafa Aşurov idarə edib.
Konsertin solistləri Əməkdar artistlər Fəridə Məlikova və Toğrul Əsədullayev (kamança), müsabiqələr laureatları Aysu Sadıqova (qanun), Vidadi Paşayev (kamança), Ülfət Həsənli (tar), Abid Çələbi (kamança), Xəyyam Quliyev (ud), Səməd Babayev (tar), Minayə Heydərova (kamança), Şaiq Əsədov (balaban), Məmməd İbrahimov (kamança) və Ülvi Tahirov (tar) olub.
Proqram dahi bəstəkar Üzeyir Hacıbəylinin “I Fantaziya” əsəri ilə başlanıb. Konsertin davamında Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli, Oktay Kazımi, Vasif Adıgözəlov, Qəmbər Hüseynli və Adil Gərayın əsərləri səsləndirilib.
Qeyd edək ki, Şəid Rüstəmov adına Xalq çalğı alətləri orkestri uzun illər Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivi olub. Orkestr 2022-ci ildən BMM-nin tərkibində fəaliyyət göstərir.
























