Əməkdar incəsənət xadimi, şair, ədəbiyyatşünas, tərcüməçi Ayaz Vəfalı (Ayaz Rza oğlu Cəfərov) oktyabrın 11-də, ömrünün 90-cı ilində vəfat edib.

Ayaz Rza oğlu Cəfərov 1937-ci il aprelin 1-də Cəlilabad rayonunun Sabirabad kəndində doğulub. Bakı Dövlət Universitetində filologiya ixtisası üzrə ali təhsil alıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirərək, "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlayıb. Burada ədəbi işçi, şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb. 1996–2014-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

İlk şeirləri tələbə ikən universitet qəzetində dərc olunub. Müxtəlif illərdə işıq üzü görən “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik”, “Özü oda yana-yana” şeirlər kitabının, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir.

Ayaz Vəfalı həmçinin özbək şairi Ə.Nəvainin “Leyli və Məcnun”, Ukrayna şairi T.Şevçenkonun “Kor qadın” poemalarını, rus yazıçısı A.Çakovskinin “Qələbə” romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət kitabı Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1984-cü ildə Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin.