Oktyabrın 11-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın premyerası keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynov, səhnə tərtibatçısı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər.
Əsas qəhrəmanlar Vladimir və Estraqon onların bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.
Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.
***
Tamaşada əsas diqqət insanın gözlənti içində yaşamasına, ümidlə ümidsizlik arasında qalmasına yönəldilib. Qodonu konkret bir obraz kimi deyil, hər bir insanın həyatında gözlədiyi, gələcəyinə inandığı və bütün problemlərinin həllini bağladığı bir ümid kimi təqdim etmək əsas məqsədlərdən biridir. Tamaşaçı səhnədə yalnız iki insanın Qodonu gözləməsini deyil, əslində hər birimizin həyat boyu müxtəlif “Qodo”ları gözləməsini görəcək.
Bunu AZƏRTAC-a açıqlamasında tamaşanın quruluş müəllifi Şövqi Hüseynov deyib.
O, diqqətə çatdırıb ki, bu, həm rejissor, həm də aktyor kimi iştirak etdiyi ikinci tamaşadır. “Birinci isə “Feyerbaxam” adlı monotamaşa idi. İş prosesində əvvəlki təcrübəmdən də yararlanaraq bəzi məqamları daha yaxşı formalaşdırmağa və düzəltməyə nail oldum.
“Qodo həsrətində” tamaşası iki hissədən ibarətdir. Səhnə əsərinin birinci hissəsi 50, ikinci hissəsi isə 45 dəqiqə davam edir.



















