Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke sentyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) qonaq olub.
ADU-nun rektoru akademik Kamal Abdulla görüş zamanı Azərbaycan və Almaniya arasında mövcud olan dostluq münasibətlərinin inkişafından söz açıb, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, ADU ilə Almaniyanın ali təhsil müəssisələri arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi və təhsil layihələrinin həyata keçirilməsi qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindəndir.
Səfir Dirk Lölke görüşdən məmnunluğunu ifadə edib, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə təhsil və elm istiqamətində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Almaniya arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi, alman dilinin tədrisinin təkmilləşdirilməsi, tələbələrin beynəlxalq imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Rektor səfirə ADU-da alman dilinin tədrisi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, universitetdə alman dili üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır, tələbələrin dil biliklərinin inkişaf etdirilməsi ilə yanaşı, onların Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirakı üçün imkanlar yaradılır.
Söhbət əsnasında rektor Dirk Lölkeni universitetdə həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib.
Səfir dəvəti məmnuniyyətlə qəbul edib və layihə çərçivəsində ADU tələbələri ilə görüşün əhəmiyyətini vurğulayıb.
Görüş zamanı həmçinin alman dilinin tədrisi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində söhbət aparılıb.
Səfir ADU-da fəaliyyət göstərən Alman Mübadilə Mərkəzi və Germanistika İnstitutunu da ziyarət edib.























