Oktyabrın 4-də Cəbrayılda "Şəhər günü" münasibətilə mədəni tədbirlər təşkil edilib.

Tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta ümumi təhsil məktəbində keçirilib.

Proqram çərçivəsində əvvəlcə uşaqlar üçün “Səyyar kukla teatrı”nın təqdimatında əyləncəli və maarifləndirici tamaşa nümayiş etdirilib.

Uşaqlar həm kukla teatrını izləyiblər, həm də müxtəlif sualları cavablandırıblar.

Sonra azyaşlılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Uşaqlar kətan üzərində yaradıcılıq nümunələri hazırlayıb, müxtəlif rəsmlər çəkiblər. Tədbirin əsas məqsədi uşaqların təsviri sənətə marağının artırılması, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və sərbəst yaradıcılıq imkanlarının təşviqi olub.

Günün proqramı konsertlə davam edib.

Proqramda öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb.

Konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərinin və rəqs ansamblı çıxış edib.

Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri səslənib, vokal və instrumental ifalar, milli rəqslər alqışlarla qarşılanıb.

Cəbrayılın tarixi-mədəni irsinin təbliği, uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və şəhərin mədəni həyatının canlandırılması məqsədi daşıyan tədbirlər artıq iki ildir doğma torpaqda yaşayan sakinlərə xoş ovqat bəxş edib.