Oktyabrın 3-də Bakı payızının ənənəvi musiqi bayramı – Bakı Caz Festivalı başlanıb.

Festivalın “Elektra Events Hall”da keçirilən ilk konsertində tanınmış azərbaycanlı cazmenlər – Bakı Caz Festivalının təsisçisi, saksofonçu Rain Sultanov, pianoçu İsfar Sarabski və Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edib.

Fransadan gələn “FR33 ROOTS” qrupu da konsertdə iştirak edib.

Bundan əlavə, yalnız Azərbaycan cazını yayımlayan və yaxın vaxtlarda fəaliyyətə başlamış yeni onlayn caz radiosunun təqdimatı keçirilib.

***

Rain Sultanov mediaya açıqlamasında festivalın tarixini yada salıb.

“Mən ilk festivalımızı xatırlayıram – 21 il əvvəl olub... Bu illər ərzində əməkdaşlıq etdiyimiz musiqiçilərlə əlaqələrimizi qoruyub saxladığımız üçün xoşbəxtəm. Bu müddətdə o qədər hadisələr baş verib ki, bu barədə kitab yazmaq olar – hətta bir kitab yox, çoxcildlik əsər”, – deyə o bildirib.

Qeyd edək ki, bu il oktyabrın 11-dək davam edəcək Bakı Caz Festivalına 10-dan çox ölkədən sənətçilər dəvət olunub. Caz həvəskarlarını maraqlı konsertlər, film nümayişləri və cem-seyşnlər gözləyir.

Festivalın son iki günü açıq havada – İçərişəhərdə, Qız qalasının yaxınlığında keçiriləcək. Açıq hava konsertlərinə giriş sərbəstdir.