Oktyabrın 3-də Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin (1914–1996) vəfatının 30-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət olunub.
Anım mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmilər, ədəbiyyat və incəsənət xadimləri, yazıçının ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında özünəməxsus və mühüm yer tutduğunu, onun yaradıcılığının milli-mənəvi dəyərlərin, xalqın taleyinin, Azərbaycan dilinin və milli kimliyin ifadəsində önəmli rol oynadığını vurğulayıblar.
Qeyd olunub ki, İlyas Əfəndiyevin əsərlərində Azərbaycanın taleyi, xalqın milli-mənəvi dünyası, Qarabağ mövzusu, Türk dünyasının və Azərbaycan dilinin taleyi ilə bağlı fikirlər geniş əksini tapıb. Onun əsərləri hər yeni nəsil doğulduqca yenidən doğulacaq. Zaman ötdükcə oxucu və tamaşaçı onun yaradıcılığını daha yaxından tanıyır, əsərlərini yenidən kəşf edir. Yazıçının əsərləri müxtəlif dillərə tərcümə edilib, teatr səhnələrində tamaşaya qoyulub.
Çıxışlarda İlyas Əfəndiyev dramaturgiyasının Azərbaycan teatrının inkişafında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, onun əsərlərinin uzun illər keçməsinə baxmayaraq, bu gün də teatr səhnələrində nümayiş etdirilməsi yazıçının ədəbi irsinin aktuallığını və sənət gücünü qoruduğunu göstərir.
Xalq yazıçısının ailə üzvləri adından çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva anım mərasimində iştirak edənlərə təşəkkürünü bildirib. O, İlyas Əfəndiyevin xatirəsinə göstərilən ehtiramın ailəsi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
























