Oktyabrın 3-də Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin premyerası keçirilib.
Film layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İCESCO-nun Bakı Regional Ofisinin tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə ərsəyə gəlib.
Təqdimatda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, “Cənnətin iqamətgahı” filmi Azərbaycanın unikal mədəniyyətə malik bölgələrindən biri olan Ordubanın zəngin tarixi və mədəni irsini kəşf etməyə imkan verəcək. Qloballaşma şəraitində milli kimliyin və milli-mədəni dəyərlərin qorunması mühüm məsələlərdəndir. Bunun yollarından biri də həmin dəyərlərin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılmasıdır.
Səadət Yusifova diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən həyata keçirilən “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində istehsal olunmuş bir neçə maraqlı film yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək. Azıx mağarasının dünya tarixində oynadığı roldan və burada aparılan yeni tədqiqatlardan bəhs edən sənədli film də yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək. "Sevindirici haldır ki, gənc nəslin arasında Azərbaycan irsini ekran dili ilə araşdırıb tanıtmağa həm marağı, həm də sevgisi olan peşəkarlar yetişir. Bu janrda çəkilən filmlərin beynəlxalq festivallarda nümayiş olunması və mükafatlara layiq görülməsi yüksək qiymətləndirilir", - deyə nazir müavini qeyd edib.
“Real” Təhlil İnformasiya Mərkəzinin direktoru, filmin media məsləhətçisi Mir Şahin Ağayev “Cənnətin iqamətgahı” filminin Ordubadın zəngin tarixi və mədəni irsinin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
“Bu gün biz Azərbaycan xalqının, Azərbaycan milli-mənəvi xəzinəsinin çox əhəmiyyətli bir parçasının tarixdə qalması üçün atılmış addımın şahidiyik. Həqiqətən Ordubad Azərbaycanın çox əsrarəngiz bir köşəsidir. Çox möhtəşəm mənzərələri ilə tarixdə qala biləcək yerdir”, – deyə o bildirib.
ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qurumun “Cənnətin iqamətgahı” layihəsinə tərəfdaşlığından məmnunluğunu ifadə edib. O bildirib ki, bu böyük layihənin tərəfdaşı olmaqdan qürur duyurlar.
Qeyd edib ki, layihə Azərbaycanın qədim şəhəri Ordubadın qədim tarixinin və zəngin mədəniyyətinin, xüsusilə gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev isə təqdim olunan filmin onun üçün çox qiymətli və maraqlı ekran əsərlərindən biri olduğunu bildirib. O, etnoqrafik filmlərin dünya kinosunun qədim istiqamətlərindən biri olduğunu qeyd edərək, çağdaş dövrdə bu janrda ekran əsərlərinin nisbətən az çəkildiyini vurğulayıb.
Cəmil Quliyev bildirib ki, 1960-cı illərdən etibarən dünya kinosunda etnoqrafik filmlərin inkişafına böyük töhfələr verilib. Onun sözlərinə görə, bu janr yalnız keçmişi və müxtəlif xalqların həyat tərzini əks etdirməklə kifayətlənmir, həm də həmin irsin gələcək nəsillərə çatdırılmasına imkan yaradır.
Xalq artisti, filmin bəstəkarı Siyavuş Kərimi çıxışında Azərbaycanın təbiətinin və mədəni zənginliyinin onun yaradıcılığı üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. “Dünyanın müxtəlif yerlərində, qırxdan artıq ölkədə olmuşam. Bununla belə demək istəyirəm ki, mən çox vətənpərvərəm və Azərbaycan kimi gözəl ölkənin olmadığını düşünürəm. Dünyada çox gözəl və fərqli məkanlar var, amma mənim üçün Azərbaycan hər zaman ən gözəlidir. Ordubad isə xüsusilə maraqlı və özünəməxsus məkandır”, – deyə o vurğulayıb.
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.


























