Yaxud Şəki səhnəsində fəsli-bahardı...

Festivallar özlüyündə bir bayram ovqatı, ali sənət meyarlarının hələ də qorunmasına bir ümiddir. Hər gün qan-qada, ictimai-siyasi gərginliklər məhvərindən çıxmağa çalışan dünyamızda sənətin dərin gücünə inamdır həm də belə sənət görüşləri. Bir növ nəfəslikdir. Hələ də xilasın əzəli və əbədi ünvanının insan, onun böyük ruhu, humanizmi, xəyal dünyası, özünə baxışı və bu baxışla dünyanı gözəlləşdirmək gücündə olduğuna inamdır.

Çünki insanı insan edən yalnız onun qurduğu şəhərlər, yaratdığı texnologiyalar, topladığı sərvətlər, qazandığı siyasi və iqtisadi üstünlüklər deyil. Bütün bunların fövqündə, bütün bunlardan daha dərində bir məna var: mənəviyyat. Özünü başqasının ağrısında görə bilmək, başqasının sevincindən sevinmək, dünyanın bütün dağıntıları içərisində hələ də gözəlliyə inanmaq...

Bu gücü isə insan oğlu nə top-tüfəngdən, nə siyasi-iqtisadi təmərküzləşmələrdən, nə də qolunun zorundan alır. Bu gücün mənbəyi mənəviyyatdır, humanizmdir, insan olmağın verdiyi o böyük daxili qüvvədir. Böyük mənada isə sənətdir, mədəniyyətdir.

Sənət bəzən dünyanın dəyişdirə bilmədiyini insanın içində dəyişir. Bir tamaşa bitir, işıqlar sönür, aktyorlar səhnədən çəkilir. Amma insan zalı əvvəlki adam kimi tərk etmir. Bəlkə bir sual aparır özü ilə, bəlkə bir obraz, bəlkə illərdir unutduğu bir hiss, bəlkə də özünə ünvanlanmış səssiz bir etiraf...

Teatrın möcüzəsi də elə buradadır. O, dünyanı birbaşa dəyişdirmir. Dünyanı dəyişdirə biləcək insanın daxilinə toxunur.

Bu gün müasir dünyanın ən böyük paradokslarından biri budur: insan texnoloji baxımdan tarixinin heç bir dövründə olmadığı qədər güclüdür, amma mənəvi baxımdan özünü heç vaxt olmadığı qədər suallar qarşısında görür. Bir tərəfdə süni intellekt, rəqəmsal sürət, sərhədsiz informasiya, kosmosun fəthi, digər tərəfdə müharibələr, köçlər, tənhalıqlar, mənəvi yorğunluq, yadlaşma, insanın özünə və bir-birinə inamının aşınması...

Belə bir zamanda teatr sadəcə tamaşa göstərən məkan deyil. O, insanın özünü yenidən görməsi üçün qurulmuş güzgüdür. Və bu güzgülərdən birinin qarşısında bu payız Şəkidə dayanmışıq.

***

Şəkiyə hər gəlişim məni bu dörd dağın arasında fiziki mövcudluğun reallığından kəhkəşana yetəcək bir xəyal dünyasına aparır. Çünki burada hər daş, hər dağ, hər yol izi, hər adam səni bir tarixə, bir keçmişə, bir zamansızlıq notuna kökləyir.

Şəkinin qəribə bir yaddaşı var. Bu mənada həm də burada zaman yalnız keçmir, həm də qalır. Bəli. Daş divarlarda qalır, qədim küçələrdə qalır, karvansarayların səssizliyində qalır, insanların danışığında, baxışında, hətta payız küləyinin şəhərin küçələrindən keçərkən yaratdığı o qəribə səsdə, aramsız yağan yağışlarda qalır. Sanki Şəki öz yaddaşını qorumağı bacaran şəhərlərdəndir.

Bəlkə də elə buna görə teatr burada daha başqa cür görünür.

Xüsusən könlünü teatra verənlər, ona ilahi kimi sitayiş edənlər, onu məbədləşdirib tapınanlar üçün. Şəkidə hələ ki, bu ünvan Şəki Dövlət Dram Teatrıdır.

Əməkdar incəsənət xadimi, özü də bütöv Şəki boyda sevdalı Mirbala Səlimli və onun hər biri ümid, işıq olan heyətinin sevgisinin ağuşunda V Şəki Beynəlxalq Teatr Festivalı öz işinə başladı.

Mirbala Səlimlinin Şəki teatrına münasibətində sadəcə sənət rəhbərinin məsuliyyətini yox, bir şəhərin teatrına sahib çıxan adamın şəxsi sevgisini də görürsən. Bəzi insanlar üçün teatr iş yeridir, bəziləri üçün peşə, bəziləri üçün sənət. Amma elələri də var ki, teatr onların həyatının mənasına çevrilir. Mirbala Səlimlinin Şəki teatrına münasibətində məhz bu sonuncu halın izlərini görmək mümkündür.

Onun və teatr heyətinin enerjisi, inadkarlığı, səhnəyə və tamaşaçıya münasibəti bir həqiqəti xatırladır: sənət məkanları yalnız dövlət büdcəsi, inzibati qərarlar və layihələrlə yaşamır. Onları yaşadan əsas qüvvə insan sevgisidir. Səhnəyə çıxan aktyorun, tamaşa hazırlayan rejissorun, işıqçının, texniki işçinin, inzibatçının, səhnə arxasında görünmədən çalışan hər kəsin sənətə münasibətidir.

Teatrın görünən tərəfi səhnədir. Görünməyən tərəfi isə fədakarlıqdır.

V festivalın arxasında da məhz belə bir görünən və görünməyən zəhmətin böyük bir bütövlüyü dayanır.

Hə, sözsüz ki, festivallar sənət bayramı hadisəsidir. Amma bayramın arxasında həmişə böyük bir məsuliyyət dayanır. Burada işə məsul çoxsaylı qurumlar və insanlar var. Sözsüz ki, burada Şəki Şəhər İcra Hakimiyyətini, icra başçısı Elxan Usubovu qeyd etmək gərəkdir.

Artıq beşinci dəfə, sözsüz ki, aradan keçən 2014-cü ildən bu yana yüzlərlə insana Şəkini, Şəki teatrını, bu qədim şəhərin tarixi və mədəniyyətini böyük şövqlə anlatmaq, Şəkini onlara sevdirmək, teatra, sənətə olan dərin sevgini dəyişən bütün hadisələr fonunda qoruyub saxlamaq elə də asan deyil.

Bəzən şəhər rəhbərinin gördüyü işlər yalnız yolların, binaların, abadlığın statistikası ilə ölçülür. Amma şəhərin ruhuna münasibətin başqa bir ölçüsü də var. Şəhəri yalnız yaşamaq üçün rahat yer deyil, hiss etmək, sevmək və tanıtmaq mümkün olan canlı bir mədəniyyət məkanı kimi görmək. Məhz bu müstəvidən baxanda, məsələ təkcə növbəti bir mədəni tədbirin keçirilməsi deyil. Söhbət Şəkinin mədəni yaddaşının qorunmasından, şəhərin sənət xəritəsində özünəməxsus yerinin yaşadılmasından gedir.

Beşinci dəfə keçirilən festival artıq sadəcə tədbir deyil, ənənəyə çevrilməkdə olan bir mədəni hadisədir. Ənənə isə yalnız təkrar deyil. O, yaddaşın gələcəyə ötürülməsidir.

Bu baxımdan Şəki Beynəlxalq Teatr Festivalının hər yeni buraxılışı həm də bir sual verir: bu gün insanı düşündürən nədir? Müasir tamaşaçı hansı ağrının, hansı sevincin, hansı mənəvi böhranın içindən keçir? Teatr ona nə deyə bilər? Və ən əsası, teatr bu sürətlə dəyişən dünyada öz müqəddəs missiyasını necə qoruya bilər?

Cavablar sözsüz ki, müxtəlif ola bilər. Amma bir həqiqət dəyişmir: teatr insanı insanla üz-üzə qoyur.

Nə qədər ekranlar çoxalsa da, nə qədər virtual aləmlər genişlənsə də, canlı aktyorun canlı tamaşaçı qarşısında nəfəs almasının yaratdığı enerji başqa heç nəyə bənzəmir. Çünki səhnədə insan var. Qarşısında insan, onun daxili təlatümü, aramı, ağrısı, nisgili, sevinci var. Və onların arasında görünməyən, amma çox güclü bir mənəvi bağ. Nə bilim, bəlkə də bu səbəbdən teatr hələ də yaşayır.

Hətta dünyamızın ən böyük böhranlarından keçdiyi bir zamanda daha çox yaşayır. İnadla mübarizə aparır. Çünki insanın özünü unutmaq təhlükəsi artdıqca onun özünə qayıtmaq ehtiyacı da artır.

Teatr isə insana özünü qaytarmağın qədim və sınanmış yollarından biridir.

***

Sarı xəzəlli payız ovqatının müşayiəti ilə V festivala qayıdaq. Amma hələ ki, bir az qısa. Bir növ gündəlik nəzərlə...

Payızdır. Amma Şəki səhnəsində qəribə bir bahar havası var. Sanki ağacların yarpaqları saraldıqca səhnənin işıqları daha da yaşıllaşır. Şəhərin küçələrində payızın sərinliyi hiss olunur, teatrın içində isə sənətin isti nəfəsi duyulur. Bu, sadəcə təqvimin dəyişdirdiyi fəsil deyil.

Bu, ruhun fəslidir. Və Şəki səhnəsində, görünür, fəsli hələ də bahardır. Çünki səhnədə insan varsa, söz varsa, işıq varsa, xəyal varsa, ümid varsa — payızın ortasında belə bahar mümkündür.

Bəlkə də sənətin ən böyük möcüzəsi elə budur: dünyanın qaraldığı yerdə işıq axtarmaq. Və ya insanın ümidsizliyinin içindən ümid çıxarmaq. Və ən çətin zamanda belə insana onun hələ insan olduğunu xatırlatmaq.

...Şəki bu payız yenə öz qapılarını sənətə açıb. Teatr öz pərdəsini qaldırıb.

Mirbala Səlimli və onun fədakar heyəti yenə səhnənin arxasında görünməz bir işığın ardınca gedir.

Şəhər rəhbərliyi bu sənət nəfəsinin davamlılığı üçün öz dəstəyini ortaya qoyur. Aktyorlar səhnəyə çıxır. Tamaşaçı zalı doldurur. Və bir neçə saatlıq da olsa, dünya bir qədər başqa cür görünür.

Bəlkə festivalın əsl mənası da elə budur.

Dünyanı olduğu kimi qəbul etməmək. Onun necə ola biləcəyini təsəvvür etmək.

Sənət isə insanın bu təsəvvür etmək qabiliyyətini qoruyur. Elə buna görə festivallar bayramdan daha artıqdır. Onlar ümiddir. Onlar yaddaşdır. Onlar etirazın ən sakit, amma ən dərin formasıdır. Və bəlkə də ən əsası – onlar insana inamdır.

Şəkinin qədim daşları, dağları, yolları və teatrının səhnəsi bu payız bir daha eyni sözü deyir: İnsan hələ də gözəllik yarada bilir. Deməli, ümid hələ bitməyib. Deməli, səhnə hələ işıqlıdır. Deməli, Şəki səhnəsində fəsli bahardır. “Festivallar şəhəri” kimi tanınan qədim Şəki daha bir beynəlxalq sənət tədbirinə ev sahibliyi edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının dəstəyi və iştirakı ilə 1–5 oktyabr tarixlərində V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir.

Festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan və İranın teatr kollektivləri iştirak edir.

Oktyabrın 1-də Şəki Dövlət Dram Teatrında keçirilən açılış mərasimində təşkilatçı qurumların nümayəndələri, tanınmış teatr və incəsənət xadimləri, festivalın iştirakçıları və qonaqları, eləcə də Şəki sakinləri iştirak etdilər.

Açılış mərasimindən əvvəl festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etdilər.

Sonra festivalın qonaqları təntənəli şəkildə Şəki Dövlət Dram Teatrında qarşılandı. Festivala təşrif gətirənlər “Şəki Teatrı – dünən və bu gün” sərgisi ilə tanış oldular. Keçilən yol, zamanın aynasında qısa xülasəni andıran böyük və şərəfli yol şəkillərin çağırışında zamandan zaman adlamaq imkanı yaratdı.

Ardınca təşkilati qurumların məsul təmsilçilərinin iştirakı ilə mətbuat konfransı oldu. Festival, onun tarixi, gələcəyi ilə bağlı ümidverici məqamlardan danışıldı.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şəki Beynəlxalq Teatr Festivalının tarixindən bəhs edən videoçarx nümayiş etdirildi.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında festivalın şəhərin mədəni həyatında mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov çıxışında Şəkini “Sənətkarlar diyarı” adlandırdı. O, Azərbaycan Teatr Xadimləri İttifaqının adından festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə xatirə hədiyyəsi təqdim etdi.

***

Açılış gününün bədii proqramı Şəki Dövlət Dram Teatrının təqdim etdiyi “Uçqun” tamaşası ilə davam etdi. Türkiyəli dramaturq Tuncer Cücenoğlunun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Səhnə əsərində insanın daxilindəki qorxu hissinə qalib gəlməsi mövzusu ön plana çəkilir.

Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən festivalın yüksək səviyyədə təşkilinə verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür ifadə olundu. Həmçinin ölkədə teatr sənətinin inkişafına verdiyi töhfələrə və V Şəki Beynəlxalq Teatr Festivalının təşkilindəki xidmətlərinə görə Şəki Dövlət Dram Teatrına minnətdarlıq bildirildi.

Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Mədəniyyət Nazirliyinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbovaya, Şəki Dövlət Dram Teatrına və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Qazaxıstan, Özbəkistan və İran kollektivlərinin rəhbərləri də təltif edildi.

Festivalın davamı barədə daha ətraflı növbəti yazıda...

 

Həmidə Nİzamiqızı