Oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin nəzdində Böyük Britaniyanın bp şirkətinin dəstəyi ilə yaradılmış Strateji əhəmiyyətli binaların monitorinqi və müşahidəsi laboratoriyası təqdim olunub.

Bu, binaların fasiləsiz seysmik monitorinqi istiqamətində Azərbaycanda və Cənubi Qafqazda ilk laboratoriyadır. Laboratoriya strateji əhəmiyyətli bina və qurğuların texniki vəziyyətini real vaxt rejimində izləməyə, konstruksiyalarda baş verə biləcək dəyişiklikləri erkən mərhələdə müəyyənləşdirməyə imkan verir.

Laboratoriyanın əsas üstünlüklərindən biri bina və qurğuların vəziyyətinin sutkanın 24 saatı, həftənin 7 günü fasiləsiz monitorinq edilməsidir. Bu məqsədlə Cənubi Qafqazın ən hündür binası kimi təqdim olunan “Baku Tower”də Qurğusal Seysmik Monitorinq Sistemi quraşdırılıb. Hazırda bina laboratoriya vasitəsilə fasiləsiz izlənilir və əldə olunan məlumatlar təhlil edilir.

Sistem binanın ilkin ölçmələr zamanı müəyyən edilmiş texniki və dinamik göstəricilərini sonrakı monitorinq nəticələri ilə müqayisə etməyə imkan verir. Başqa sözlə, laboratoriya binanın bir növ “nəbzini” daim izləyir. Konstruksiyanın davranışında normadan kənar dəyişiklik aşkarlandıqda onun səbəblərinin araşdırılması və vaxtında müvafiq mühəndislik tədbirlərinin görülməsi mümkün olur.

Mobil sistem vasitəsilə müxtəlif bina və qurğularda birbaşa yerində ölçmələr aparmaq, onların konstruktiv vəziyyətini tikiliyə zərər vermədən qiymətləndirmək mümkündür. Laboratoriyada binaların daşıyıcı konstruksiyalarının texniki vəziyyətini təxribatsız üsullarla müəyyən edən müasir cihazlar mövcuddur. Bu avadanlıqlar betonun möhkəmliyini, armaturun yerləşməsini və digər parametrlərini, betonun qoruyucu təbəqəsinin vəziyyətini, eləcə də armaturda korroziya proseslərini qiymətləndirməyə imkan yaradır.

Yeni laboratoriyanın fəaliyyəti yalnız zəlzələdən sonra binaların vəziyyətinin yoxlanılması ilə məhdudlaşmır. Burada toplanan məlumatlar müasir elmi-mühəndislik metodları əsasında təhlil olunur, hər bir binanın faktiki davranışını əks etdirən eksperimental modeli hazırlanır və onun texniki vəziyyətinin dəyişmə tarixçəsi formalaşdırılır.

Bu yanaşma konstruksiyalarda yarana biləcək problemləri erkən mərhələdə müəyyənləşdirməyə, qabaqlayıcı tədbirlər görməyə, binaların təhlükəsiz istismar müddətini uzatmağa və təmir-bərpa xərclərini optimallaşdırmağa xidmət edir.

Laboratoriyanın texnoloji imkanları dünyanın müxtəlif ölkələrində yerləşən bina və qurğuların da məsafədən monitorinqinə şərait yaradır. Bu isə AzMİU-nun beynəlxalq elmi-tədqiqat və mühəndislik layihələrində iştirak imkanlarını genişləndirir.

Yeni laboratoriya universitetdə aparılan elmi tədqiqatların inkişafı ilə yanaşı, tələbə və gənc tədqiqatçıların müasir seysmik monitorinq texnologiyalarına yiyələnməsi, nəzəri biliklərin praktiki tətbiqi və yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması baxımından da əhəmiyyət daşıyır.

***

Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir. Universitetdə artıq uzun müddətdir fəaliyyət göstərən Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin yeni laboratoriyaları istifadəyə verilir və onların həm elmi-tədqiqat, həm də tədris və təcrübə baxımından böyük əhəmiyyəti var.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova yeni laboratoriyanın təqdimatı zamanı mediaya müsahibəsində belə deyib.

“Laboratoriya binaların, çox əhəmiyyətli qurğuların və obyektlərin zəlzələyə davamlılıq səviyyəsini ölçmək üçün yaradılıb. Laboratoriyanın tədris üçün də böyük əhəmiyyəti var. Tələbələrimiz, mühəndislərimiz burada öyrənəcəklər. Digər tərəfdən, elmi tədqiqatlar üçün də böyük əhəmiyyət daşıyır. Faktiki olaraq şəhərimizdə olan bütün hündür binaların, böyük qurğuların, o cümlədən dənizdə olan qurğuların nə dərəcədə zəlzələyə davamlı olduğunu, konstruksiyalarının aşınıb-aşınmadığını, bugünkü vəziyyətinin necə olduğunu müəyyənləşdirməyə imkan verir. Bir sözlə, binaların zəlzələyə davamlılıq nöqteyi-nəzərindən diaqnostikasını verir”, – deyə rektor bildirib.

Gülçöhrə Məmmədova yeni laboratoriyanın yaradılmasını əhəmiyyətli iş kimi qiymətləndirib və layihənin bp şirkətinin dəstəyi ilə həyata keçirildiyini deyib: “Ümumiyyətlə, bp-nin təhsilə, elmə töhfələri, dəstəyi çox böyükdür və biz çox minnətdarıq ki, onlar diqqət yetirirlər bizim universitetə”, – deyə AzMİU-nun rektoru vurğulayıb.