Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Ejen İonesko adına Moldova Milli Teatr arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mərasim Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moldovanın paytaxtı Kişineuda, bu ölkənin Mədəniyyət Nazirliyində keçirilib.

Bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.

Memorandumu Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Ejen İenesko adına Milli Teatrın direktoru Xalq artisti Valeriu Pahomi imzalayıblar.

Moldovanın mədəniyyət naziri Dan Suruceanu iki ölkə arasında mədəni əlaqələrin inkişafını yüksək qiymətləndirib. Qeyd edib ki, Akademik Milli Dram Teatrının bu təşəbbüsü hər iki teatrın inkişafına mühüm töhfə verəcək.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, səfirlik kollektivlərin yaradıcı əlaqələrinin genişlənməsinə dəstək göstərməyə hazırdır.

Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov rəhbərlik etdiyi sənət ocağının beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, teatr sənətinin inkişafı üçün milli teatrlar arasında qurulan beynəlxalq əməkdaşlıq prioritet istiqamət kimi qarşıya qoyulub: "Artıq doqquz ölkənin milli teatrı ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Milli dramaturgiyanın təbliği, kollektivlərin tamaşa, rejissor və aktyor mübadiləsi, festival, konfrans və master-klasların təşkili əsas məqsədimizdir".

Ejen İonesko adına Milli Teatrın bədii rəhbəri Petru Vutkereu 2012-ci ildə Akademik Milli Dram Teatrında quruluş verdiyi Xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında eyniadlı tamaşanı yada salıb və kollektiv haqqında xoş xatirələrini bölüşüb.

Azərbaycan heyəti Ejen İonesko adına Milli Teatrda olub, “Qonzaqonun qətli” və “Müfəttiş” tamaşalarına baxıb.