Sentyabrın 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan musiqisi gecəsi təşkil olunub.

Vatroslav Lisinski Konsert Kompleksində keçirilən konsert proqramında Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Elza İbrahimova, Vaqif Gərayzadə, Vaqif Mustafazadə, eləcə də əcnəbi bəstəkarlar Henry Krieger, Petar Graso, Ivica Badurina, Freddie Peren və Dino Fekarisin əsərləri səsləndirilib.

Xalq artistləri Ənvər Sadıqov və Tünzalə Ağayeva, Əməkdar artist Emil Əfrasiyab, Samirə Əfəndi, Elnur Hüseynov şövqlü ifaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan rəqs nümunələri də böyük maraqla qarşılanıb.

Konsertə mədəniyyət naziri Adil Kərimli, ölkəmizin Xorvatiyadakı səfiri Anar İmanov, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının hər iki tərəfdən iştirakçıları və Zaqreb ictimaiyyətinin nümayəndələri baxıblar.