Oktyabrın 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin əməkdaşı, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimatı keçirilib.
Kitablar UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və AMEA ilə əməkdaşlıq çərçivəsində nəşr edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabının Azərbaycan numizmatikası sahəsində mühüm tədqiqat əsəri olduğunu bildirib.
“Gəncə xanlığının sikkə zərbinə və pul dövriyyəsinə həsr olunan bu kitab numizmatika sahəsindəki boşluğu dolduran bir nəşrdir. Numizmatika sahəsində Əli Rəcəblinin məşhur kitabları var. İndi bu sahədə çalışan mütəxəssislərin sayı çox azdır. Numizmatika ilk növbədə pul tədavülü və iqtisadiyyatdır. Amma numizmatika həm də dövlətçilikdir. Harada pul kəsilibsə, orada dövlət var. Həmin pulun qızıldan, gümüşdən, misdən hazırlanması dövlətin gücünü, iqtisadi imkanlarını göstərir. Ona baxaraq dövləti tanıyırsan. Bu, böyük tarixdir, böyük iqtisadiyyatdır, böyük dövlətçilikdir, böyük ideologiyadır. Buna yalnız mis və ya gümüşdən hazırlanmış maddi əşya kimi baxmaq doğru deyil. Kitabda bunların hamısı açılır, göstərilir. Kitab arxiv sənədləri və mənbələr əsasında yazılıb. Burada böyük zəhmət var”, - deyə akademik İsa Həbibbəyli bildirib.
***
“Azərbaycan irsi UNESCO siyahılarında” kitabının rəyçisi kimi çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli nəşrlə bağlı fikirlərini bölüşüb. O, Mustafa Şabanovun təqdim etdiyi araşdırmaların həm Gəncə xanlığının numizmatik tarixi, həm də Azərbaycanın zəngin mədəni irsinin UNESCO müstəvisində təbliği istiqamətində atılan dəyərli addımlardan biri olduğunu diqqətə çatdırıb.
Ölkədə qorunan əsərlərin və əlyazmaların beynəlxalq səviyyədə tanıdılması istiqamətində geniş imkanların mövcudluğunu diqqətə çatdıran akademik Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələrinin irsinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Məhəmməd Füzuli, Xurşidbanu Natəvan və digər sənətkarların əsərlərinin beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın zəngin mədəni irsinin dünyada təbliğinə xidmət edir.
***
Mədəniyyət nazirinin müavini Səadət Yusifova da çıxışında hər iki kitabın əhəmiyyətini qeyd edib.
“Azərbaycan irsi UNESCO siyahılarında” kitabında Azərbaycanın UNESCO siyahılarına daxil edilmiş 5 maddi, 24 qeyri-maddi və 3 sənədli irsi, eləcə də digər materialların toplandığını deyən nazir müavini bildirib ki, nəşr mütəxəssislər, diplomatlar və Azərbaycan mədəniyyəti ilə maraqlanan xarici auditoriya üçün istinad mənbəyi kimi faydalı olacaq.
S.Yusifova “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabının da Azərbaycan tarixinin və dövlətçilik ənənələrinin mühüm mərhələlərindən biri olan xanlıqlar dövrünün, o cümlədən Gəncə xanlığının müxtəlif aspektlərdən öyrənilməsi baxımından əhəmiyyət daşıdığını bildirib. O, kitabda 1800-dən artıq sikkənin araşdırılmasını və sistemləşdirilməsini, müxtəlif muzey və şəxsi kolleksiyalardakı materialların öyrənilməsini xüsusi qeyd edib. Tədqiqatın Azərbaycan və ingilis dillərində nəşr olunmasının da əhəmiyyəti vurğulanıb.
Nazir müavini Azərbaycanın UNESCO ilə əməkdaşlığının ən zəngin və nəticəyönümlü istiqamətlərindən birinin mədəniyyət sahəsi olduğunu bildirib. Onun sözlərinə görə, UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarında Azərbaycanla bağlı 24 element yer alır və bu göstərici üzrə ölkəmiz 183 ölkə arasında 5-ci yerdədir. UNESCO siyahılarına daxil edilən hər bir element üzrə nominasiya dosyelərinin hazırlanması uzunmüddətli araşdırma, beynəlxalq standartların öyrənilməsi, düzgün sənədləşdirmə, icmalarla əməkdaşlıq və ekspertlərin birgə fəaliyyətini tələb edir.
“Bu uzunmüddətli praktiki təcrübə nəticəsində Mədəniyyət Nazirliyində UNESCO üzrə nominasiya proseslərini yaxşı bilən peşəkar komanda və ekspert şəbəkəsi formalaşıb. Nazirlik bu istiqamətdə ölkəmizdə mühüm ekspertiza və institusional yaddaş mərkəzlərindən birinə çevrilib”, – deyə Səadət Yusifova bildirib. O, Mədəniyyət Nazirliyinin analoji təcrübədən ICESCO çərçivəsində də istifadə etdiyini qeyd edib.
Səadət Yusifova beynəlxalq mədəni irs platformalarında əldə olunan nəticələrin arxasında çoxsaylı mütəxəssislərin əməyinin dayandığını bildirib. O, tarixçilərin, arxeoloqların, etnoqrafların, musiqişünasların, sənətşünasların, memarların və digər sahə mütəxəssislərinin bilik və təcrübəsinin bu prosesdə mühüm rol oynadığını diqqətə çatdırıb.
***
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elman Abdullayev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və digər çıxış edənlər də təqdim olunan nəşrlərin əhəmiyyətindən söz açıblar.























