Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 31-ci ildönümü tamam olur
Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin qədim və zəngin tarixi var. İlk növbədə, ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlər boyu davam edən ədəbiyyat və sənət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. Bu tarixi və mənəvi yaxınlıq hazırda iki dövlət arasında münasibətlər üçün möhkəm təməl təşkil edir.
Maraqlıdır ki, Mərkəzi Asiyanın türk respublikaları arasında Azərbaycanla ən gec diplomatik əlaqə quran Özbəkistandır. Türkmənistan və Qazaxıstan 1992-ci ildə, Qırğızıstan isə bundan bir il sonra ölkəmizlə diplomatik əlaqə qurmuşdu. Özbəkistanla isə daha sonra – 1995-ci ilin bu günü (2 oktyabr) diplomatik əlaqələr yaradıldı. 1996-cı ildə Azərbaycanın Daşkəndə, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başladı. Ancaq zaman yetişdi, həmin regionun qardaş respublikaları arasında Azərbaycanla münasibətləri ən yüksək zirvəyə çatan ölkə Özbəkistan oldu...
Son illərdə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimada və səmimi dostluğa əsaslanan siyasi dialoq bütün sahələrdə əməkdaşlığın möhkəm dayaqlarını təşkil edir. Bu gün Azərbaycan–Özbəkistan münasibətləri strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlib. 2024-cü il avqustun 23-də Daşkənddə dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin əlaqələrində yeni mərhələnin hüquqi-siyasi əsasını yaradıb. Həmin səfər çərçivəsində Azərbaycan və Özbəkistan mədəniyyət nazirlikləri arasında 2024–2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi də müəyyən olundu. Beləliklə, mədəniyyət iki ölkənin münasibətlərində ayrı-ayrı tədbirlərin məcmusu deyil, uzunmüddətli dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
İki il sonra, yenə avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri çərçivəsində Daşkənddə iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı. Bu sənəd Azərbaycan–Özbəkistan münasibətlərinin qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlikdən daha möhkəm və uzunmüddətli hüquqi-siyasi müstəviyə keçidini ifadə edir. Müqavilənin imzalanması ilə yanaşı, müxtəlif sahələr üzrə bir sıra sənədlərin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin mübadiləsi münasibətlərin konkret istiqamətlər üzrə dərinləşdirilməsinin sübutudur.
Mədəniyyət – xalqlar arasında etibarlı körpü
Hazırda Azərbaycan–Özbəkistan münasibətlərinin ümumi mənzərəsində bir məqam xüsusilə diqqəti cəlb edir: iki ölkə arasında qarşılıqlı hörmət və etimad yalnız siyasi bəyanatlarda qalmır, konkret təşəbbüslərdə və layihələrdə öz təsdiqini tapır. Bu baxımdan, mədəni-humanitar əməkdaşlıq dövlətlərarası münasibətlərin ən canlı və təsirli istiqamətlərindən biridir.
Prezident İlham Əliyev bu ilin 21 avqust tarixində Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar əməkdaşlığı münasibətlərin ayrılmaz və vacib sahəsi kimi səciyyələndirib. Dövlət başçısının vurğuladığı kimi, ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan bu əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də mədəni əlaqələrin inkişafını iki xalq arasında münasibətlərin təbii və mühüm tərkib hissəsi kimi qiymətləndirib. 2024-cü ilin iyununda Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri zamanı mədəniyyət naziri Adil Kərimlini qəbul edən Özbəkistan Prezidenti qarşılıqlı mədəni mübadilənin intensivləşməsinin əhəmiyyətini vurğulayıb, mədəniyyət günlərinin müvafiq yol xəritəsi əsasında davam etdirilməsinin, eləcə də UNESCO, TÜRKSOY və ICESCO çərçivəsində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyinə diqqət çəkib.
Bu yanaşma təsadüfi deyil. Çünki siyasi münasibətlər nə qədər yüksək səviyyəyə qalxırsa, xalqlar arasındakı təmasların da bir o qədər genişlənməsi zərurəti yaranır. Diplomatik sahədə əldə olunan razılaşmaları xalqların yaddaşına, gündəlik həyatına və mənəvi dünyasına daşıyan ən təsirli vasitələrdən biri məhz mədəniyyətdir.
Bu gün Azərbaycan–Özbəkistan mədəni əməkdaşlığının epizodik xarakterdən sistemli mübadilə mərhələsinə keçdiyini aydın şəkildə görmək mümkündür. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsi bu istiqamətdə mühüm hadisə oldu. Tədbirlər çərçivəsində Özbəkistanın musiqisi, səhnə sənəti, ədəbiyyatı və mədəni irsi Azərbaycan tamaşaçısına təqdim edildi.
Həmin tədbirlərdə özbək ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilmiş nümunələrinin təqdimatı da xüsusi əhəmiyyət daşıyırdı. Özbəkistanın böyük ədibi Abdulla Qədirinin “Ötən günlər” romanının Azərbaycan dilində nəşrinin Azərbaycan Milli Kitabxanasında təqdimatı iki ölkənin yalnız mədəniyyət və musiqi vasitəsilə deyil, söz və ədəbiyyat sahəsində də yaxınlaşmasının göstəricilərindən biri idi.
Həqiqətən də, 2024-cü il ölkələrimiz arasında qarşılıqlı mədəni diplomatiyanın daha da intensivləşməsi ilə yadda qaldı. Bakıda Özbəkistanın Elm və Mədəniyyət Günləri, Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi, Xivədə isə “Şuşa günləri” təşkil olundu. Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində nümayəndə heyətimizə və xüsusilə incəsənət xadimlərimizə göstərilən xüsusi münasibət, konsert proqramlarında tamaşaçıların coşqulu reaksiyası mədəniyyətin xalqları bir-birinə necə yaxınlaşdırdığını bir daha nümayiş etdirdi. Qarşılıqlı mədəniyyət günləri, ayrı-ayrı sənət adamlarının qastrol səfərləri və beynəlxalq layihələrdə birgə iştirak xalqlarımız arasında dostluq və qardaşlığı ildən-ilə dərinləşdirir, mənəvi bağları daha da möhkəmləndirir.
Mədəniyyət günləri artıq yalnız paytaxtlarda keçirilən tədbirlərlə məhdudlaşmır, regionları da əhatə edir. Ötən ilin dekabrında Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində Bakı ilə yanaşı, Füzulidə də tədbirlərin təşkil olunması, Xivədə “Şuşa günləri”nin keçirilməsi bu baxımdan diqqətəlayiqdir. Bu ilin iyulunda Gəncədə Azərbaycan və Özbəkistan ifaçılarının iştirakı ilə “Dostluq” adlı konsert proqramının keçirilməsi də qarşılıqlı mədəni əlaqələrin coğrafiyasının genişləndiyini göstərir.
Mərkəzi Asiyadakı mədəniyyət ocağımız
Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafında 2010-cu ildən Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi yeri var. Mərkəz uzun illərdir ölkəmizin tarixini, dövlətçilik ənənələrini, ədəbiyyatını və mədəniyyətini özbək ictimaiyyətinə təqdim edən mühüm mədəniyyət ocağına çevrilib.
Mərkəzin fəaliyyəti yalnız sərgi və təqdimatlarla məhdudlaşmır. Burada Azərbaycan musiqisi, ədəbiyyatı, dili və incəsənətinin təbliğinə yönəlmiş tədbirlər, kitab təqdimatları, sərgilər, mədəniyyət və ədəbiyyat günləri, elmi konfrans və ictimai görüşlər keçirilir. Mərkəz eyni zamanda iki xalqın ortaq irsinin öyrənilməsi və yeni nəsillərə çatdırılması istiqamətində davamlı fəaliyyət göstərir. Qurumun müxtəlif yerli təşkilatlarla birgə həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətinin Özbəkistanda daha geniş auditoriyaya çatdırılmasına, iki ölkənin yaradıcı və elmi dairələri arasında birbaşa əlaqələrin qurulmasına mühüm töhfə verir.
Qardaşlaşan şəhərlər və tarixi-mədəni irsin təbliği üçün yeni imkanlar
Son beş ildə Azərbaycan–Özbəkistan əlaqələrinin inkişaf mənzərəsinə diqqət yetirəndə aydın olur ki, həyata keçirilən siyasət təkcə paytaxtları bir-birinə yaxınlaşdırmır, eyni zamanda regionlar və ayrı-ayrı şəhərlər arasında da etibarlı körpülərin qurulması ilə müşayiət olunur.
Avqustun 23-də Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasında Prezident Şavkat Mirziyoyev iki ölkənin müttəfiqliyinin çoxəsrlik ortaq tarixə və iki qardaş xalqın mədəni dəyərlərinin yaxınlığına əsaslandığını vurğulayaraq qarşılıqlı mədəniyyət günlərinin yalnız paytaxtlarda deyil, ölkələrin bölgələrində də keçirilməsinin vacibliyinə diqqət çəkdi. Bu yanaşma artıq şəhərlərarası əlaqələrdə də öz əksini tapır.
Hazırda Azərbaycanın şəhərləri ilə Özbəkistan şəhərləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələri genişlənir. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Gəncə–Səmərqənd, Lənkəran–Buxara, Şəki–Kokand, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Biləsuvar–Termiz, Quba–Cizak və Beyləqan–Şəhrisəbz əlaqələri bu prosesin coğrafiyasının nə qədər geniş olduğunu göstərir.
Təkcə 2023-cü ildə Şuşa–Xivə, Gəncə–Səmərqənd, Lənkəran–Buxara və Şəki–Kokand şəhərləri arasında qardaşlaşma haqqında müqavilələrin imzalanması bu prosesin necə sürətlə getdiyindən xəbər verir. Bu təşəbbüslər şəhərlər arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verməklə yanaşı, müxtəlif səpkili mədəniyyət layihələrinin – konsert və sərgilərin, sənətçi və kollektivlərin qarşılıqlı səfərlərinin, tarixi-mədəni irsin tanıdılmasının, eləcə də yaradıcılıq qurumları arasında birbaşa əməkdaşlığın genişlənməsinə şərait yaradır. Beləliklə, qardaşlaşan şəhərlər diplomatik münasibətlərin yerli müstəvidə canlı ifadəsinə, xalqlarımızın ortaq tarixi və mədəni bağlarının gündəlik həyatda yaşadılmasına xidmət edən mühüm platformaya çevrilir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi göstərir ki, iki ölkə arasında siyasi müttəfiqlik yalnız imzalanan sənədlərlə, rəsmi görüşlərlə məhdudlaşmır. Bu münasibətlərin arxasında əsrlərin sınağından çıxmış ortaq dəyərlər, xalqların bir-birinə rəğbəti, sevgisi dayanır. Əbədi dostluq haqqında müqavilə isə bu tarixi və mənəvi yaxınlığın dövlətlərarası münasibətlər səviyyəsində yeni və daha möhkəm ifadəsidir.
Məhz buna görə Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyinə yalnız siyasi və iqtisadi əməkdaşlıq prizmasından deyil, həm də iki xalqın ortaq mədəni yaddaşının yaratdığı böyük mənəvi potensial baxımından yanaşmaq lazımdır. Bu potensial iki qardaş ölkəni daha da yaxınlaşdıran ən etibarlı körpülərdən biri olaraq qalacaq.
Fariz Yunisli



















