Sentyabrın 30-da AMEA-nın əsas binasında Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq-alim, professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr edilmiş “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş nitqində Azərbaycan arxeologiya elminin formalaşması və inkişafında elmi məktəblərin rolunu xüsusi vurğulayıb. Bildirib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda aparılan arxeoloji qazıntılar əsasən xarici ekspedisiyaların rəhbərliyi altında həyata keçirilsə də, sonrakı mərhələdə tədqiqatlar azərbaycanlı alimlərin rəhbərliyi ilə davam etdirilib və ölkədə milli arxeoloji məktəblər formalaşıb.
AMEA rəhbəri professor Hidayət Cəfərovun Azərbaycan arxeologiyasının aparıcı simalarından biri olduğunu, yeni elmi məktəb formalaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, Hidayət Cəfərov bütün həyatını elmə, akademiyaya, tədrisə və alim etikasına həsr edib. Onun elmi fəaliyyətində Qarabağ mövzusu xüsusi yer tutur.
Arxeoloqun Erkən Tunc və İlk Dəmir dövrünə, Tərtərçay və Arpaçay hövzəsinə tədqiqatlarını yüksək qiymətləndirən AMEA prezidenti onu Azərbaycan arxeologiyasının "Qarabağnamə"sini yaradan alim kimi səciyyələndirib.
İsa Həbibbəyli professor Hidayət Cəfərovun çoxillik elmi-pedaqoji fəaliyyəti və Azərbaycan arxeologiya elminə verdiyi böyük töhfələrin nəzərə alınaraq, onun “AMEA-nın döş nişanı” ilə təltif edildiyini deyib, nişanı yubilyara təqdim edib, ona cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bugünkü toplantının Azərbaycan arxeologiyasının böyük sütunlarından birinə həsr olunduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə XIX əsrin sonlarında təşəkkül tapmış arxeologiya elmi ilk vaxtlar daha çox əcnəbi alimlərin adı ilə bağlı olsa da, sonralar Məmmədəli Hüseynov, İdeal Nərimanov, İsmayıl Cəfərzadə kimi böyük alimlərin yetişməsi sayəsində yerli elmi məktəbin əsası qoyulub.
İnstitut direktoru vurğulayıb ki, professor Hidayət Cəfərov 1980-ci illərdə Qarabağda Tunc dövrü mədəniyyətlərinin əsaslı şəkildə öyrənilməsində və konseptual məsələlərin qoyulmasında böyük elmi nailiyyətlərə imza atıb, Qarabağ arxeologiyasının görkəmli mütəxəssislərindən biri kimi tanınıb.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru, i.ü.f.d., dos. Gəray Musayev, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Heydərova və digər çıxış edənlər görkəmli arxeoloqun fəaliyyətindən bəhs ediblər.
Sonra t.ü.f.d., dosent Fərhad Quliyev və t.e.d., prof. Qafar Cəbiyevin sədrliyi ilə panel iclasları keçirilib. “Hidayət Cəfərov – Azərbaycan arxeologiya məktəbinin görkəmli nümayəndəsidir”, “Qarabağ abidələrinin dili ilə danışan alim: görkəmli pedaqoq-arxeoloq Hidayət Cəfərov”, “Professor Hidayət Cəfərovun Qarabağ bölgəsində apardığı tədqiqatların arxeologiya fənninin tədrisində əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib. Çıxışlarda yubilyarın zəngin elmi irsi, arxeoloji tədqiqatlarının nəticələri və yetişdirdiyi gənc alimlərdən bəhs olunub, beynəlxalq elmi konfransın Qarabağın arxeoloji irsinin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb.
***
Ömrümün 56 ilini Qarabağın arxeoloji abidələrinin öyrənilməsinə həsr etmişəm.
Bunu AZƏRTAC-a müsahibəsində görkəmli arxeoloq, professor Hidayət Cəfərov söyləyib. Alim bildirib ki, sovet dövründə Qarabağ arxeoloji ekspedisiyasında rəis müavini və dəstə rəisi kimi fəaliyyət göstərib. 2008-ci ildən sonra isə müstəqil Azərbaycanın yeni dövründə Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik edib. Namizədlik dissertasiyası Qarabağın qədim iqtisadi-mədəni əlaqələrinin tədqiqinə həsr olunub. Doktorluq işinin əsas müddəalarının isə “Qədim Qarabağlılar” kitabında əksini tapıb.
Professor qeyd edib ki, sovet dövründə tədqiqatlar ideoloji çərçivələrin təsiri altında olsa da, fundamental tədqiqatlar aparılırdı. Borsunlu, Sarıçoban və Bəyimsarov kurqanlarında, həmçinin Xocalı, Ballıqaya, Qarabulaq və digər abidələrdə aparılmış tədqiqatlar Azərbaycan ərazisində qədim cəmiyyətin müxtəlif inkişaf mərhələlərinin öyrənilməsinə imkan verib. O, Ağdam ərazisində, Şahbulaq yaxınlığında aparılan qazıntılara da toxunub. Onun sözlərinə görə, həmin ərazidə aparılan tədqiqatların nəticələri qədim yaşayış məskənlərinin tarixinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir.
Alim gənc arxeoloqlara tövsiyələrini də bölüşüb. O, tədqiqatçılara qorxmamağı və çəkinməməyi, arxeologiyaya yalnız maddi nümunələrin təsviri kimi yanaşmamağı tövsiyə edib. Bildirib ki, arxeoloji tədqiqatlarda hər hansı tarixi iddianın əsaslandırılması üçün başlıca meyar maddi və elmi faktlar olmalıdır.























